Özəl

Sülh sazişinin taleyini bu qərar müəyyən edə bilər — Politoloq açıqladı

Sülh sazişinin taleyini bu qərar müəyyən edə bilər — Politoloq açıqladı

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün artıq reallığa çevrildiyini və əsas məqsədin sülh sazişinin imzalanması və ratifikasiyası olduğunu bildirir. Bununla yanaşı, sülh prosesinin tam hüquqi çərçivəyə salınması və Ermənistan Konstitusiyasında dəyişikliklərlə bağlı məsələlər gündəmdə qalır. Azərbaycan tərəfi də yekun imzaların atılması üçün bu prosesin tamamlanmasını gözlədiyini açıqlayıb.

Bəs Paşinyanın sülh bəyanatları ilə Ermənistanın üzərinə götürməli olduğu hüquqi addımlar arasında niyə fərq yaranır və bu vəziyyət Azərbaycan-Ermənistan sülh prosesinin yekunlaşmasına necə təsir edə bilər?

Politoloq Elçin Xalidbəyli Demokrat.az-a açıqlamasında deyib ki, hazırda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması hamıdan çox Ermənistana lazımdır.

Sülh sazişinin taleyini bu qərar müəyyən edə bilər — Politoloq açıqladı

Onun sözlərinə görə, rəsmi İrəvan anlayır ki, yekun sülh sazişi imzalanmadan Ermənistanın blokada şəraitindən tamamilə çıxarılması mümkün olmayacaq:

"Ola bilsin ki, bu blokadanın müəyyən qədər yumşaldılması baş verə bilər, ancaq onun tamamilə aradan qaldırılması o qədər də real görünmür. Ona görə də Paşinyan hakimiyyəti sülh prosesindən, eləcə də yekun sülh sazişinin imzalanmasından tez-tez danışmağa başlayıb və Ermənistan cəmiyyətini bunun qaçılmaz olduğuna inandırmağa çalışır. Bununla belə, hələ də rəsmi İrəvan müəyyən manevrlər etmək vərdişlərindən imtina etməyib. Belə müşahidələrə əsasən belə qənaət yaranır ki, Paşinyan hakimiyyəti bir tərəfdən yekun sülh sazişinin imzalanmasından danışmaqla, eyni zamanda bu prosesin bir müddət ləngidilməsində də maraqlı görünür.

Böyük ehtimalla, İrəvanda hesab edirlər ki, zaman keçdikcə həm dünyada, həm də Cənubi Qafqaz regionunda siyasi proseslər öz məzmun və keyfiyyətini, eyni zamanda inkişaf istiqamətlərini dəyişə bilər. Bu dəyişikliklər isə Ermənistana yeni manevr imkanları aça bilər. Ermənistan hələ də belə xəyali ssenarilərə ümid bəsləməkdə davam edir. Ancaq ümumi situasiya ondan ibarətdir ki, yekun sülh sazişi imzalanmadan Ermənistan mövcud blokada şəraitindən tamamilə uzaqlaşmaq imkanı qazanmayacaq.

Ona görə də istənilən halda bu sənədin imzalanması qaçılmaz xarakter daşıyır. Ancaq rəsmi Bakının yekun sülh sazişinin imzalanması ilə bağlı konkret şərti var. Bu da ondan ibarətdir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalar mütləq ləğv olunmalıdır. Bunun üçün isə Ermənistan, təbii ki, ümumxalq referendumu keçirmək məcburiyyətindədir.

Paşinyan hakimiyyəti əslində referendumun keçirilməsində də tərəddüd edir. Rəsmi İrəvan narahatdır ki, bu proses Ermənistanda Paşinyan hakimiyyətinə qarşı etiraz dalğasını gücləndirə bilər və yekun nəticə Paşinyan hakimiyyəti üçün neqativ məzmun daşıya bilər. Ancaq bununla belə, istənilən halda bu prosesin əvvəl-axır başladılması və sona çatdırılması qaçılmaz xarakter daşıyır. Azərbaycan öz şərtində israrlı mövqe tutur. Nə qədər ki, Ermənistanda konstitusiya islahatları aparılmayıb, Azərbaycana qarşı ərazi iddiaları olan müddəalar ləğv edilməyib, yekun sülh sazişinin imzalanması mümkün olmayacaq. Ermənistanın qarşısında duran əsas məsələ bundan ibarətdir. Rəsmi İrəvan yaxın aylarda birmənalı şəkildə referendumu keçirməli və Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı bütün müddəalar Ermənistan Konstitusiyasından çıxarılmalıdır. Bundan sonra iki ölkə arasında yekun sülh sazişinin imzalanması ilə bağlı hər hansı bir əngəl qalmamış olacaq. Böyük ehtimalla, bu məsələ həll edildikdən sonra hər iki tərəf sülh sazişini imzalayaraq onun ratifikasiyasını reallaşdıra biləcəklər. Əks halda, indiki situasiyanın hələ uzun müddət davam etmə ehtimalı mövcuddur. Yəni hər şey Ermənistanın davranışlarından, tutacağı mövqedən və öz öhdəliklərinə hansı səviyyədə səmimi yanaşmasından asılı olacaq".