Alüminium folqa mətbəxdə qidaların saxlanması üçün geniş istifadə olunur. Lakin bəzi məhsulları uzun müddət folqaya bükmək məsləhət görülmür. Xüsusilə turş və çox duzlu qidalar folqa ilə kimyəvi reaksiyaya girə bilər.
Demokrat.az xəbər verir ki, "Serious Eats" nəşri turşu və duzun alüminium folqaya təsir göstərə biləcəyini yazıb.
Folqanın hər iki tərəfində onu qidadan ayıran nazik alüminium oksid təbəqəsi var. Turşular bu qoruyucu təbəqənin bir hissəsini həll edə, duzun tərkibindəki xloridlər isə onun bütövlüyünü poza bilər. Nəticədə alüminium qidanın səthindəki nəmlə təmasda ola bilər.
Mütəxəssislər xüsusilə aşağıdakı qidaları uzun müddət folqada saxlamağı məsləhət görmürlər:
1. Pomidor əsaslı yeməklər
Marinara sousu, çili, lazanya və digər pomidor əsaslı yeməklərdə turşuluq yüksək olduğundan onların folqa ilə saatlarla təmasda olması məsləhət görülmür.
2. Sitrus meyvələri olan qidalar
Limonlu marinadda hazırlanmış toyuq, laymlı balıq və hətta doğranmış limonun birbaşa folqa üzərində saxlanılması da uyğun hesab edilmir.
3. Sirkəli yeməklər
Sirkə ilə hazırlanmış salatlar, marinad edilmiş tərəvəzlər və tərkibində çoxlu sirkə olan ət marinadları folqaya təsir göstərə bilər. Belə məhsullarda duzun miqdarı da yüksək olduğundan reaksiya riski artır.
4. Nəmli və çox duzlu məhsullar
Duzlu suda saxlanılan quş əti, öz suyunda olan ət məhsulları və digər duzlu, nəmli qidalar zamanla folqanın üzərində ləkələrin və hətta xırda korroziyanın yaranmasına səbəb ola bilər.
Mütəxəssislər qeyd edirlər ki, bu reaksiyanın nə qədər sürətlə baş verdiyi ilə bağlı dəqiq müddət yoxdur. Lakin sadalanan məhsulları bir neçə saatdan, xüsusilə də gecədən səhərə qədər saxlamaq planlaşdırılırsa, onların folqa ilə birbaşa təmasından qaçmaq tövsiyə olunur.
Bu məhsulları necə saxlamaq daha yaxşıdır?
Turş, duzlu və souslu yeməklər üçün qida məhsullarının saxlanmasına uyğun şüşə və ya plastik qablardan istifadə etmək məsləhətdir. Xüsusilə pomidor sousları və turşular üçün şüşə qablar əlverişli seçimdir.
Açılmış konserv məhsullarını da konserv bankasında saxlamaq əvəzinə başqa uyğun qaba keçirmək tövsiyə olunur. Bu, həm məhsulun dadının qorunmasına, həm də qablaşdırma ilə qida arasında arzuolunmaz reaksiyaların qarşısının alınmasına kömək edə bilər.
Jalə


