Paltarların yuyulması zamanı suyun temperaturunun düzgün seçilməsi həm parçanın görünüşünün, həm də ömrünün qorunmasına kömək edir. Ekspertlər bəzi geyimlərin isti suda yuyulmasının rənglərin solmasına, parçanın büzüşməsinə və elastikliyin itirilməsinə səbəb ola biləcəyini bildirirlər.
Demokrat.az "Good Housekeeping" saytına istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, aşağıdakı 7 növ əşyanı soyuq suda yumaq daha məqsədəuyğundur:
Tünd və parlaq rəngli geyimlər – isti su boyanın parçadan çıxmasına və digər geyimlərə keçməsinə səbəb ola bilər.
Zərif parçalar – krujeva, ipək və atlas kimi materiallar soyuq suda daha yaxşı qorunur. Bu cür geyimləri xüsusi torbada və zərif rejimdə yumaq məsləhətdir.
İdman geyimləri – spandeks və elastan tərkibli parçalar yüksək temperaturun təsiri ilə elastikliyini itirə bilər.
Çimərlik geyimləri – isti su onların rənginin solmasına və parçanın formasının dəyişməsinə səbəb ola bilər.
Trikotaj məmulatları – xüsusilə yun və kaşmir kimi materiallar isti suda yuyulduqda büzüşə və formasını itirə bilər.
Ləkəli geyimlər – bəzi ləkələr yüksək temperaturun təsiri ilə parçaya daha möhkəm hopa bilər. Buna görə ilkin mərhələdə soyuq sudan istifadə etmək daha təhlükəsiz sayılır.
Cins geyimlər – isti su cins parçanın rəngini soldura və zamanla büzüşməsinə səbəb ola bilər.
Ekspertlər qeyd edirlər ki, müasir yuyucu vasitələr adi çirklənmələrin əksəriyyətini soyuq suda da effektiv şəkildə təmizləyə bilir. Bu səbəbdən hər yuma zamanı yüksək temperatur seçmək geyimlərin uzunömürlü olması baxımından vacib deyil.
Jalə

