Türkiyəli jurnalist və bloger Əli Tarakçı sentyabrın 25-də "X" sosial şəbəkəsində "çox mühüm nazirin" vəzifəsindən ayrılması barədə paylaşımına görə saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Karar" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Ankara prokurorluğu ictimaiyyət arasında yalan məlumatların yayılması ilə bağlı aparılan araşdırma çərçivəsində Əli Tarakçının həbsi barədə qərar çıxarıb. Türkiyə Cinayət Məcəlləsinin 217-A maddəsi dezinformasiyanın yayılmasına görə 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Bu həftə bir sıra yerli KİV-lər maliyyə naziri Mehmet Şimşekin istefa verdiyi barədə məlumat yayıb. Bu məlumatları nazirin özü, həmçinin Türkiyə Prezident Administrasiyasının Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi təkzib edib.
Qurum vurğulayıb ki, hüquq-mühafizə orqanları maliyyə bazarlarını manipulyasiya etmək məqsədilə saxta məlumatlar yayan şəxslərin fəaliyyətini araşdırır.
Şayiələr bundan bir həftə əvvəl investisiya fondlarında likvidlik böhranı səbəbindən İstanbul birjasının əsas BIST indeksinin kəskin enməsindən sonra yayılıb. İstintaqın versiyasına görə, panika süni şəkildə yaradılıb.
İstanbul prokurorluğu birja şurasının keçmiş rəhbəri Mustafa Turhan barəsində cinayət işi açıb. Hazırda 45 nəfər həbs edilib, hakimiyyət orqanları isə 130-dan çox investisiya fondunun ləğvi barədə qərar qəbul edib.
Jalə

