“87 saylı Ağsu-İsmayıllı seçki dairəsində səsvermənin nəticələri ləğv edilməyib. Nəticələrin ləğvi ilə bağlı yayılan məlumatlar doğru deyil. Dairə seçki komissiyasının müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edilib”.
Demokrat.azxəbər verir ki, bunu Pravda.az-a açıqlamasında səsvermənin nəticələrinə əsasən, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən lider namizəd elan edilən, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
“Bəzi şikayətlər var, bunun da heç bir əsası yoxdur. Orada imkanlı şəxslərdən biri namizədliyini irəli sürmüşdü. Seçki məntəqələrində qutuya topa bülleten atılma halı müşahidə edilməyib. Əgər belə hal baş veribsə, bəlkə həmin şəxsin xeyrinə olub? Başqasının xeyrinə də atıla bilər, bunu bilmək olmaz, araşdırma aparılmalıdır. Mənim xeyrimə seçki qutusuna topa bülleten atılmayıb, heç bir saxtakarlığa yol verilməyib. Buna ehtiyacım da yoxdur. Seçicilərin dəstəyi böyük idi, bütün hallarda qalib olacaqdım. Mərkəzi Seçki Komissiyasına 3 namizəd şikayət etmişdi, onlardan biri – Vüqar Hüseynov şikayətini geri götürdü. Şayiələrə inanmaq olmaz. Əvvəl deyirdilər ki, Tahir Kərimli deputatlığa namizədliyini geri götürüb, indi də deyirlər, guya 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin nəticələri ləğv olunub... Orada heç bir seçki məntəqəsinin nəticələri ləğv olunmayıb. Əgər kiminsə əlində fakt var idisə, Mərkəzi Seçki Komissiyasına təqdim edəydi. Şikayətlərin təqdim olunma vaxtı da, artıq başa çatıb. Qeyd edim ki, heç bir narahatlığa əsas yoxdur. Proses tam şəffaf olub” – T.Kərimli qeyd edib.


