Gündəm

Şeyxin qardaşı: “Növbədənkənar parlament seçkiləri böyük dərs oldu”

Şeyxin qardaşı: “Növbədənkənar parlament seçkiləri böyük dərs oldu”

“Növbədənkənar parlament seçkiləri ən yüksək səviyyədə keçirildi. Seçkilərdə çoxsaylı namizədlər iştirak edirdi. Hakim Yeni Azərbaycan Partiyası 123 seçki dairəsi üzrə namizəd irəli sürmüşdü. Seçkiyə, ümumilikdə, 1 314 namizəd qatılmışdı. Namizədlər təşviqat dövrü ərzində seçicilərlə görüşlər keçirdi, onların problemlərini dinlədi. Mən özüm namizəd olduğum seçki dairəsinin hüdudlarına daxil olan kəndlərdə görüşlər keçirdim, vəziyyətlə bir daha maraqlandım. Seçicilər məni yaxşı tanıyırlar, bilirlər ki, bacardığım qədər problemlərin həllinə çalışıram. Xalqın dəstəyini alanların işi səsvermə günü də yüngül oldu. Seçicilərin tələblərini yerinə yetirməyən şəxslərin necə qarşılandığını da gördünüz... Bu, böyük dərs idi. Hər biriniz bundan ibrət götürməliyik”. Demokrat.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında 75 saylı Lənkəran-Masallı seçki dairəsindən lider namizəd elan edilən Cavanşir Paşazadə deyib. C.Paşazadə qeyd edib ki, deputatlar dövlətin verdiyi imkanlardan istifadə edərək xalqa xidmət etməlidir: “Ölkə rəhbərliyi xalqın sosial rifahının yaxşılaşdırılması üçün addımlar atır, deputatlar da bu işə töhvə verməlidirlər, xalqın səsini hökumətə çatdırmalıdırlar. Prezidentin də bununla bağlı tövsiyəsi var”. O, səsvermənin nəticələrindən narazı qalan bir qrup deputatlığa namizədin etiraz aksiyası keçirməsinə də münasibət bildirib: “Deputatlığa namizədliyini irəli sürən şəxslərin hamısı müsbət nəticə əldə etməyə çalışırlar. Bu, seçkidir, güclü olan qalib gəlir. Hansısa şəxsi 5-10 insan dəstəkləyirsə, bu o demək deyil ki, o seçkinin qalibi olacaq. Çünki seçki dairəsinin ərazisində minlərlə insan yaşayır, onların mütləq əksəriyyətinin dəstəyini almalısan. 1990-cı illərin əvvəllərində jurnalistlər sorğu keçirirdilər ki, prezident olsaydınız, nə edərdiniz? İnsanlar da bu suala cavab verdikdən sonra prezident olmaq xəyalı ilə yaşayırdılar... Əgər bu namizədlərə ciddi seçici dəstəyi var idisə, niyə deputat seçilməlidilər? Axı 30-40 min seçicinin dəstəyini almaq asan məsələ deyil. Etiraz aksiyası təşkil edənlər demokratik şəraitdə keçirilən seçkilərin nəticələrinə kölgə salmağa çalışırlar”.

D
demokrat.az