Gəncə şəhərində 34 yaşlı kişi qısqanclıq zəminində yaranan mübahisə zamanı arvadını öldürüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Elşad qeyri-rəsmi nikah münasibətlərində yaşadığı arvadı, 2002-ci il təvəllüdlü Esmiranın ondan gizli istifadə etdiyi mobil telefonunda Cəsur ilə aralarında sevgi münasibətləri olmasına dair şəkil və yazışmaları aşkar edib.
Bununla əlaqədar qısqanclıq zəminində arvadını öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək üçün Esmiranın bacısı oğlu Adillə “Kür” çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində salınmış parkda gəzintiyə çıxması barədə məlumat aldıqdan sonra idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə həmin yerə gedib.
İstintaq sənədlərinə görə, Elşad Kür çayının üzərində olan körpüdə arvadı ilə rastlaşıb. O, qadını öldürmək barədə niyyətini həyata keçirmək üçün ona barışacaqlarını və yaşadıqları evə qayıdaraq uşaqları ilə görüşəcəkləri barədə yalan vədlər verib.
Elşad arvadını buna inandıraraq avtomobilinə minməsinə nail olduqdan sonra avtomobillə Şəmkir rayonu istiqamətində hərəkət etməyə başlayıb. Yolda olan zaman o, cinayətkar niyyətini həyata keçirmək məqsədilə əlverişli şəraitin olacağını düşündüyü Göygöl qəsəbəsində qoruğa getmək qərarına gəlib. Əvvəlcə Göygöl şəhərindən Gəncə şəhəri Hacıkənd qəsəbəsinə gedən avtomobil yolunun üzərində yerləşən məlum olmayan restoranlardan birində fasilə edərək şam ediblər.
Daha sonra Gəncə şəhərinin, Hacıkənd Bələdiyyəsinin tabeçiliyində olan Göygöl qəsəbəsində yerləşən qoruğuna gedib. Həmin gün saat 19:04 radələrində qoruğun nəzarət-buraxılış məntəqəsindən keçdikdən sonra məntəqədən 1-2 kilometr məsafədə avtomobili yol kənarında saxlayaraq qadına özünün mobil telefonunu verib, ona xəyanət etdiyi Cəsurla arasında olan münasibətin davam edib-etməməsini aydınlaşdırmaq məqsədilə ona zəng etməsini tələb edib.
Bundan sonra Elşad Esmiranın tələbini yerinə yetirdikdən sonra onun xəyanət etməsi ilə əlaqədar qisas almaq üçün qabaqcadan planlaşdırdığı niyyətini icra etmək məqsədilə avtomobilin sürücü oturacağından yerə düşüb və qadının oturduğu ön sərnişin oturacağı tərəfə keçib. O, qadının bədəninin müxtəlif nahiyələrinə əl zərbələri ilə vuraraq çoxsaylı bədən xəsarətləri yetirib.
Bundan sonra hər iki əli ilə Esmiranın boyun nahiyəsindən tutaraq sıxmağa başlayıb. Həmin vaxt qadının ona müqavimət göstərməsinə baxmayaraq, onu boğaraq öldürüb.
Elşadın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Elşad ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Esmira onun ailəsi olub:
“Mənim ondan iki uşağım var və onu öldürmək niyyətim olmayıb. Sadəcə buna məcbur olmuşam. Mən həmin vaxt çox həyəcanlı olmuşam. Arvadımla barışmışam və evə getmişik. Arvadımı uşaqlarıma görə bağışlamaq istəmişəm. Biz evdə mobil telefondan istifadə etməmişik”.
Elşad qeyd edib ki, günlərin bir günü o evdə olan zaman dolabdan mobil telefon aşkar edib və həmin mobil telefonda şəkillər olub. Onun ifadəsinə görə, arvadı ilə barışmaq istəyib və onlar yolda hərəkətdə olublar:
“Həmin vaxt arvadım mənə “mən səndən aliment alıb yaşayacaqdım” dedi. Bu söz-söhbətlər əsnasında əsəbləşdim”.
Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində bildirib ki, onun öldürmək məqsədi olmayıb, arvadını uşaqlarına görə bağışlayıb və evə aparmaq istəyib:
“Biz yolda hərəkətdə olan zaman və orada deyilən sözlərə görə bu hadisə baş verdi. Hadisə yerinin video görüntüləri də var. Həmin vaxt arvadım mənə demədən avtomobildən düşərək ayaqyoluna getmək istədi. Mən bir az ona görə əsəbləşdim. Sonra isə yolda gedəndə söhbətlər əsnasında arvadım “mən neyləmişəm” deyə soruşdu. Həmin vaxt arvadımı Cəsurla telefonla danışdırdım. O isə arvadıma “vapşe get, mənə zəng eləmə” dedi. Mən isə arvadıma dedim ki, sən gör bizi iki uşaqla kimə dəyişmisən. Həmin vaxt arvadım “onda o mənim xoşuma gəlmişdi, indi barışaq, evimizə gedək” dedi. Bundan sonra müəyyən sözlər dedi və hadisə bir anda baş verdi. İlk öncə arvadımı vurmuşam. Sonra isə mənə qarşı nalayiq ifadələr işlətdi. Sonra biz dalaşdıq və arvadımın ölməsini gördüm. Bundan sonra polisə gələrək təslim oldum”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşad 16 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


