OpenAI-nin baş direktoru Sem Altman süni intellektin gələcəkdə insan nəzarətindən çıxa biləcəyini mümkün ssenari kimi qiymətləndirib.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən rəqəmsal texnologiyalar üzrə mütəxəssis Vasif Qəhrəmanov bildirib ki, hazırda elə güclü AI modelləri var ki, hələ istifadəyə verilməyib.
Onun sözlərinə görə, bunların hamısı hələ ki, test mərhələsindədir:
“Yəni, sözsüz ki, indi süni intellektin konkret olaraq necə bir təhlükə yarada biləcəyini biz təxmin edə bilərik. Bunu dəqiq olaraq deyə bilmərik. Amma bunların hamısı təxminlərdir.
Sadəcə, ilk növbədə ən böyük təhlükə, məncə, insanların əvəz edilməsi olacaq. Yəni çox sayda işçi artıq əvəzlənəcək. Məsələn, rəqəmlərlə bağlı mühasibat uçotu, radiologiya kimi bu tipli sahələrdə çalışan insanların əməyinin bir hissəsi artıq avtomatlaşdırılır.
Süni intellekt hər bir sahədə insanı, demək olar ki, əvəz edir. Yaradıcılıqdan tutmuş məntiqi elmlərə, yəni dəqiq elmlərə qədər.
Ona görə də gələcəkdə avtomatlaşdırma baxımından daha az risk altında olan ixtisaslar insan amilinin və emosional bacarıqların daha çox tələb olunduğu sahələr olacaq. Yəni psixologiya ilə bağlı, daha çox insan faktoruna, insanın intuisiyasına bağlı olan sahələr olacaq ki, onları süni intellekt bir qədər daha gec əvəz edəcək.
Daha çox improvizasiya tələb edən sahələr və fiziki əmək tələb edən işlər də buna nümunədir. Məsələn, sadə bir nümunə kimi santexnik, usta və bu tipli işləri göstərmək olar.
Əsas problem hazırda insanların əvəzlənməsidir. Bu, real və aktual problemdir. Sözsüz ki, gözlənilməz problemlər həmişə ortaya çıxa bilər. Heç kim zəmanət verməyib ki, heç bir problem çıxmayacaq. Yəni belə bir ehtimal həmişə var. Sadəcə, real, faktiki problem insanların əvəzlənməsidir”, - deyə Vasif Qəhrəmanov fikrini tamamlayıb.


