50 kiloqramlıq un kisəsinin topdansatış qiymətində ilin əvvəlindən etibarən 20 qəpikdən 1,10 manatadək artım qeydə alınıb. Bahalaşmanın müxtəlif satış mərkəzlərində də müşahidə olunması un bazarında qiymət dəyişikliklərini gündəmə gətirib.
Bəs unun qiymətindəki artımın əsas səbəbləri nələrdir? Bu bahalaşma çörək və digər un məmulatlarının qiymətinə nə dərəcədə təsir göstərə bilər?
İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında söyləyib ki, unun bahalaşması digər un məmulatlarının da qiymətinə müəyyən təsir göstərəcək.

Onun sözlərinə görə, un bir çox ərzaq məhsulunun hazırlanmasında əsas xammallardan biridir:
“Unun qiymətində artım baş verdikdə, istehsalçı və satıcılar xərclərində yaranan artımı mümkün qədər məhsulların son qiymətinə əks etdirməyə çalışırlar. Lakin bu artım bütün məhsullarda eyni səviyyədə olmayacaq. Bir məhsulun qiyməti daha çox, digərinin qiyməti isə daha az arta bilər. Burada əsas amillərdən biri həmin məhsula olan tələbat, digəri isə bazardakı rəqabətin səviyyəsidir.
Əgər müəyyən məhsul üzrə rəqabət daha güclüdürsə, satıcı qiymət artımının hamısını istehlakçıya ötürə bilməyə bilər. Tələbatın yüksək olduğu məhsullarda isə qiymət artımının daha böyük hissəsinin son qiymətə təsir etməsi mümkündür.
Qiymət artımının əsas səbəblərindən biri isə dünya bazarında və əmtəə birjalarında taxılın qiymətinin yüksəlməsidir. Azərbaycan taxıl və un bazarında müəyyən dərəcədə xarici bazarlardakı qiymət dəyişikliklərindən asılıdır. Buna görə də dünya bazarında taxılın qiymətində baş verən dəyişikliklər müəyyən müddətdən sonra daxili bazarda da özünü göstərə bilər.
Dünya bazarında taxılın qiymətinin bahalaşmasının əsas səbəblərindən biri Qara dəniz regionunda baş verən proseslərdir. Rusiya ilə Ukrayna arasında davam edən müharibə və bu çərçivədə dənizdə yükdaşımalarla bağlı yaranan problemlər taxıl ticarətinə də təsir göstərir.
Qara dəniz dünya taxıl ticarətində mühüm əhəmiyyət daşıyan regionlardan biridir və burada daşımaların təhlükəsizliyi ilə bağlı hər hansı riskin yaranması bazardakı təklifə və logistika xərclərinə təsir edə bilər.
Nəticədə Qara dənizdə yükdaşımalar zamanı, o cümlədən taxılın daşınmasında yaranan çətinliklər dünya bazarında taxılın qiymətinin yüksəlməsinə səbəb ola bilər. Dünya bazarında taxıl qiymətlərindəki bu artım isə Azərbaycan bazarına da müəyyən formada təsir göstərir.
Beləliklə, unun qiymətindəki artımı yalnız daxili bazardakı amillərlə əlaqələndirmək düzgün olmaz. Burada həm qlobal taxıl qiymətləri, həm logistika xərcləri, həm də regionda baş verən geosiyasi proseslər rol oynayır”, - deyə Xalid Kərimli fikrini tamamlayıb.


