Kriminal Özəl

Samir özü heyvanların ayağını bağladı və video çəkərək saxta görüntü yaratdı — Məhkəmə

Samir özü heyvanların ayağını bağladı və video çəkərək saxta görüntü yaratdı — Məhkəmə

Tovuz rayonunda otlaq sahəsində dava olub, 36 yaşlı oğlan həmkəndlisinə xəsarət yetirib

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Tovuz rayonu, Aşağı Quşçu kəndində baş verib. 1990-cı il təvəllüdlü Samir həmyerlisi Ehtibarla mübahisə edib.

Onların arasında mübahisə kənd ərazisində üzüm bağlarının yanında yaranıb. Aralarında yaranan mübahisə zamanı Samir yumruq zərbələri ilə Ehtibarın başına vurub, habelə əli ilə dartaraq yerə yıxıb.

Yerdə ardıcıl yumruq və təpik zərbələri ilə baş, ənsə nahiyələrinə qəsdən vurub, o cümlədən əli ilə sağ bilək nahiyəsindən tutaraq sıxıb, nəticədə qolunu qanadıb.

Samirin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən zərərçəkmiş Ehtibarın sözlərinə görə, həmkəndlisi Nazim adlı şəxslə razılaşaraq onun Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən yonca sahəsini icarəyə götürüb:

“Həmin yonca sahəsini icarəyə götürməkdə məqsədim yoncanı biçərək heyvanlarıma vermək olub. Məlum hadisə günü həmin sahəyə getdim. Oraya çatdıqda yonca sahəsinin otarıldığını gördüm. Mənə bu barədə 2-3 gün əvvəl adını qeyd etmək istəmədiyim həmkəndlim olan şəxs yonca sahəmin Samir tərəfindən otarıldığını dedi. Həmin yonca sahəsinin sağ və sol tərəfi üzüm bağlarıdır. Həmkəndlim Qulunun üzüm bağının yanında heyvan otardığını gördüm. Quluya yaxınlaşdım və ona yoncasını nə günə saldıqlarını bildirdim. Qulu da məlumatı olmadığını dedi”.

Zərərçəkmiş qeyd edib ki, daha sonra həmkəndliləri Fərzalı və Rasimin üzüm bağının yuxarısında olduğunu görüb:

“Həmin şəxslərə yaxınlaşdım və onlar məndən niyə gəldiyimi soruşdular. Mən isə cavabımda yonca sahəmin otarıldığını dedim. Bir az söhbət etdikdən sonra Rasim getdi. Daha sonra gördüm ki, bir nəfər çoban qabağında xeyli miqdarda xırdabuynuzlu heyvanı otara-otara üzüm bağının aşağı tərəfindən yuxarıya doğru qalxır. Həmin çobanı yanıma çağırdım. Çobandan onun Samir olub-olmadığını soruşdum. Çoban da adının Vüsal olduğunu və Samirin çobanı olduğunu, onun heyvanlarını otardığını bildirdi. Çobandan yonca sahəmi kimin otardığını soruşdum. Çoban isə cavabında onun otarmadığını, ola bilsin ki, Samirin otardığını dedi. Vüsaldan Samirin nömrəsini istədim”.

Samir deyib ki, daha sonra Vüsal ondan təxminən 20-30 metr uzaqlaşıb, təxminən 3-4 dəqiqə telefonla danışıb:

“Mən Vüsalın kiminlə danışdığını bilmədim. Danışığını bitirəndən sonra Vüsal yanıma gəldi və Samirin nömrəsini verdi. Samirə zəng etdim və ona zəng edənin Ehtibar olduğunu, yonca sahəmi niyə otardığını dedim. Samir orada gözləməyimi və gəldiyini dedi. Təxminən 20 dəqiqə sonra Samir gəldi. Samir Fərzalıya dedi ki, sən inəklərini də apar burdan. Fərzalı da getdi. Bu zaman üzüm bağının yanından həmkəndlim Ramin də gəldi. Samir və Ramin görüşdükdən sonra mənə tərəf gəldi. Samir yaxınlaşar-yaxınlaşmaz məndən niyə onun ərazisində olduğumu soruşdu. Samirdən mənim yonca sahəmi niyə otardığını xəbər aldım. Bundan sonra Samir hər iki əli ilə sinəmdən yapışaraq dedi ki, sən mənim ərazimdə neynirsən. Həmin vaxt Vüsal məni tutdu. Sonra isə Vüsal məni buraxdı. Bundan sonra Samir baş nahiyəmə zərbələr endirdi. Sonra isə qarışıqlıq yarandı və bu zaman Vüsal əlindəki çomaqla kürək nahiyəmdən bir dəfə vurdu”.

Zərərçəkmişin ifadəsinə görə, daha sonra Samir onu yerə yıxıb:

“Bu vaxt Samir baş və qarın nahiyələrimin müxtəlif hissələrinə dayanmadan zərbələr endirdi. Yerdə olan zaman Samir sağ biləyimi buraraq qırdı. Bu zaman huşumu itirdim. Bir müddət sonra özümə gəldim. Onlar mənə dedilər ki, dur, get burdan, yoxsa polis çağıracağıq. Samir Vüsala dedi ki, get, heyvanları bura gətir. Vüsal da heyvanları biz tərəfə gətirdi. Daha sonra Vüsal və Samir heyvanın birini tutaraq ayaqlarını bağladı, təxminən 20-30 metr aralıya apararaq qoydular. Bundan sonra Samir həmin yerdən heyvanı gətirə-gətirə telefonla video çəkiliş aparmağa başladı. Həmin hadisələrin hamısını görürdüm. Amma onların məni döyməsindən təsirləndiyimdən və özümü yaxşı hiss etmədiyimdən heç nə etmirdim. Onlar tutduqları heyvanı yanımda buraxdılar. Samir video çəkiliş apara-apara deyirdi ki, heyvanı oğurlamısan, səni bağışlayıram, çıx get burdan. Mən də yerimdən durmayıb, onların ona etdiklərini fikirləşirdim. Samir daha sonra polisə məlumat verdi. Bir müddət keçdikdən sonra polislər gəldi və məni Tovuz Rayon Polis Şöbəsinə dəvət etdilər. Təhqiqat bölməsində izahat verərkən bildirdim ki, onlar məni döyüblər və mən oğurluq etməmişəm. Mən heyvanları oğurlamamışdım, Samir özü heyvanların ayağını bağladı və videogörüntü çəkərək guya mənim həmin heyvanları oğurladığım görüntüsünü yaratdı”.

İş üzrə izahat verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, hadisə günü onun çobanı telefonla zəng edib və onu hadisə yerinə çağırıb, ona məxsus qoyunun naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Onun ifadəsinə görə, həmin ərazidə yonca sahəsində qoyun otarılması barədə deyilənlər həqiqətə uyğun deyil.

Tovuz Rayon Məhkəməsinin hökmü ilə Samir 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, həbs qətimkan tədbiri seçilib və məhkəmə iclas zalından həbs olunub. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Fariz Məlikli

D
demokrat.az