Bakının “28 May” metro stansiyası ərazisində 1 və 2 nömrəli marşrut avtobuslarının hərəkət intervalı ilə bağlı sərnişinlər arasında narazılıq yaranıb.
Demokrat.az-a müraciət edən sərnişinlərin sözlərinə görə, xüsusilə səhər saatlarında, işə və təhsil müəssisələrinə gedənlərin çox olduğu pik vaxtlarda avtobusları uzun müddət gözləmək lazım gəlir.
Sərnişinlərin bildirdiyinə görə, bəzi hallarda 1 və 2 nömrəli avtobusların heç biri 15 dəqiqədən artıq müddətdə dayanacağa yaxınlaşmır. Bu isə sərnişinlərin işə və dərsə gecikməsinə, dayanacaqlarda sıxlığın yaranmasına və ictimai nəqliyyatda əlavə çətinliklərin meydana çıxmasına səbəb olur.
Məsələnin tədris ilinin başlaması ərəfəsində daha da aktuallaşdığı bildirilir. Sentyabrın 15-dən etibarən məktəb və universitetlərdə dərslərin başlaması ilə səhər saatlarında sərnişin axınının artacağı gözlənilir.
Sərnişinlər hesab edirlər ki, pik saatlarda marşrut xətlərində yaranan interval probleminin qarşısının alınması üçün ehtiyat avtobuslardan istifadə imkanları artırılmalıdır. Zərurət yarandıqda rezerv avtobusların xəttə buraxılması sərnişin sıxlığının və uzun gözləmə müddətinin azalmasına kömək edə bilər.
Vətəndaşlar aidiyyəti qurumlardan 1 və 2 nömrəli marşrutların hərəkət qrafikinə nəzarətin gücləndirilməsini, xüsusilə səhər pik saatlarında avtobuslar arasındakı intervalın optimallaşdırılmasını və ehtiyat nəqliyyat vasitələrinin xəttə cəlb edilməsini xahiş edirlər.

Vaqif Demokrat.az


