Texnologiya

Ekspertdən şagirdlərə 10 tövsiyə: Süni intellektdən necə istifadə etməli?

Ekspertdən şagirdlərə 10 tövsiyə: Süni intellektdən necə istifadə etməli?

Bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaqlar arasında internet və süni intellektdən istifadə sürətlə artır. Süni intellektin təhsil prosesinə daha geniş daxil olması şagirdlərin əldə etdikləri məlumatlara tənqidi yanaşmasını və onları yoxlamasını zəruri edir.

Demokrat.az xəbər verir ki, Türkiyə Sivas Cümhuriyyət Universitetinin müəllimi, Rəqəmsal Asılılıqla Mübarizə Dərnəyinin sədri professor Tuncay Dilci süni intellekt savadlılığının yalnız düzgün sorğu hazırlamaqdan ibarət olmadığını bildirib.

Ekspertin sözlərinə görə, bu bacarıq eyni zamanda məlumatın etibarlılığını qiymətləndirməyi, şəxsi məlumatları qorumağı, etik qaydalara riayət etməyi və texnologiyadan ölçülü istifadəni əhatə edir.

Dilci uşaqlar və valideynlər üçün süni intellektdən istifadə zamanı 10 əsas məqama diqqət çəkib:

1. Əvvəlcə özün düşün

Şagird hər hansı sualı süni intellektə verməzdən əvvəl problemi özü həll etməyə çalışmalıdır. Süni intellekt düşünmə qabiliyyətini əvəz edən deyil, onu inkişaf etdirən vasitə kimi istifadə olunmalıdır.

2. İlk cavabı həqiqət kimi qəbul etmə

Süni intellekt inandırıcı görünən, lakin yanlış və ya natamam məlumatlar təqdim edə bilər. Buna görə verilən cavablar ən azı iki etibarlı mənbə ilə, o cümlədən dərslik, elmi araşdırma, rəsmi qurum və ya müəllim vasitəsilə yoxlanılmalıdır.

3. Mənbə və tarix tələb et

Şagird süni intellektdən cavabla yanaşı, məlumatın hansı mənbələrə əsaslandığını və həmin mənbələrin tarixini də soruşmalıdır. Bununla belə, göstərilən mənbələrin həqiqətən mövcud olub-olmadığı ayrıca yoxlanmalıdır.

4. Ev tapşırığını yazdırmaq əvəzinə öyrən

Süni intellektə tapşırığın tamamını hazırlatmaq əvəzinə mövzunun izahını, nümunələri və mümkün səhvləri soruşmaq daha faydalıdır. Şagird özünü yoxlamaq üçün süni intellektdən həmin mövzu üzrə suallar hazırlamasını da istəyə bilər.

5. Mətni öz sözlərinlə yaz

Süni intellekt tərəfindən hazırlanan mətni olduğu kimi təqdim etmək öyrənmə prosesinə mənfi təsir göstərə bilər. Şagird aldığı məlumatı əvvəlcə anlamalı, öz fikirlərini əlavə etməli və yekun mətni şəxsi ifadə tərzi ilə hazırlamalıdır.

6. Süni intellektdən istifadəni gizlətmə

Ev tapşırığı və ya layihə hazırlanarkən süni intellektdən istifadə olunubsa, onun hansı mərhələdə və hansı məqsədlə tətbiq edildiyi qeyd edilməlidir. Başqasının hazırladığı fikri özününkü kimi təqdim etmək akademik dürüstlük prinsiplərinə ziddir.

7. Şəxsi məlumatlarını paylaşma

Ad, soyad, məktəb, ünvan, telefon nömrəsi, parol, sağlamlıq məlumatları, şəxsiyyət sənədləri, şəxsi fotoşəkillər və ailə ilə bağlı məlumatlar süni intellekt sistemlərinə yüklənməməlidir. Valideynlər də uşaqlara hansı məlumatların paylaşılmasının təhlükəli olduğunu izah etməlidir.

8. Foto və videolara şübhə ilə yanaş

Görüntünün real görünməsi onun həqiqi olduğu demək deyil. Mənbəyi bilinməyən foto, video və audio materiallar paylaşılmamışdan əvvəl müxtəlif xəbər mənbələri ilə müqayisə edilməli, imkan olduqda əksinə görüntü axtarışından istifadə olunmalıdır.

9. Yalnız bir cavabla kifayətlənmə

Süni intellekt bəzən stereotipləri, ictimai qərəzləri və birtərəfli yanaşmaları təkrarlaya bilər. Buna görə eyni sual müxtəlif formada verilməli, alternativ və əks fikirlər də araşdırılmalıdır. Son qərar isə insanın öz qiymətləndirməsinə əsaslanmalıdır.

10. Ailə daxilində ümumi qaydalar müəyyənləşdirin

Süni intellektdən istifadə uşağın yaşına uyğun və aydın ailə qaydaları çərçivəsində həyata keçirilməlidir. İstifadə müddəti, hansı tətbiqlərdən yararlanmağın mümkün olduğu və hansı məlumatların paylaşılmaması barədə qaydalar əvvəlcədən müəyyənləşdirilə bilər.

Ekspert vurğulayıb ki, süni intellekt uşağın yuxusunu, fiziki aktivliyini, üz-üzə ünsiyyətini və real sosial münasibətlərini əvəz etməməlidir.

Jalə Demokrat.az

D
demokrat.az