Bakının Xəzər rayonunda iki nəfər arasında mübahisə ağır cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Əli İsazadə küçəsində yerləşən köşkün ikinci mərtəbəsində fəaliyyət göstərən adsız kafedə baş verib.
İstintaq sənədlərinə görə, Səyyad adlı şəxs orada masaların birində tək əyləşərək pivə içən zaman başqa masada oturmuş Şahid və şəxsiyyəti tam müəyyən edilməyən Sehraman adlı tanışlarının dəvəti ilə yanlarında əyləşib. Bir qədər oturduqdan sonra digər masada spirtli içki qəbul edən, əvvəldən tanıdığı Tural tərəfindən davamlı olaraq təhqirlərə məruz qaldığı üçün onun alkoqol sərxoşluğu vəziyyətində olduğunu görüb, sakitləşdirmək məqsədi ilə kafenin çölünə, köşkün qarşısına çıxardaraq yola salmaq istəyib.
Buna baxmayaraq, Tural yenə də onun ailə üzvlərinin ünvanına nalayiq sözlər işlətməsi, habelə üstünə hücum çəkərək baş nahiyəsindən vurması səbəbindən aralarında Turalın təşəbbüsü ilə yaranmış mübahisə zamanı onun qollarından tutaraq özündən itələyib.
Bu zaman onların hər ikisi köşkə dəyməklə şüşəsi sınıb. Daha sonra Səyyad köşkdən götürdüyü sınmış şüşə qırıntısı ilə Turalın qarın nahiyəsindən qəsdən bir dəfə vuraraq ona xəsarətlər yetirib.
Səyyadın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Səyyad ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü, gecə saat 12 radələrində Xəzər rayonu, Binə Sovxoz qəsəbəsində toydan qayıdan zaman toyda içki içmədiyi üçün pivə içmək məqsədilə kafeyə gəlib:
“Həmin kafenin sahibləri iki qardaşdır, onlardan biri mənimlə birgə toyda olub. Digər qardaşı isə kafedə tək olub. Mən kafenin sahibinin yanında əyləşdim. Beş dəqiqə sonra həmin tanışlarım məni yanlarına çağırdılar. Həmin vaxt yan stolda Tural əyləşmişdi. Tural da deyəsən toydan gəlmişdi və içkili idi. Həmin şəxslə də tanışlığım var idi”.
Təqsirləndirilən şəxs deyib ki, bu zaman Tural söyüşlə danışmağa başlayıb:
“Düzdür, Tural söyüşləri mənə ünvanlanmadı. Ancaq ümumi olaraq söyüşlə danışdığından kafedə insanlar olduğunu, ondan yaşca böyük olduqlarını dedim, Turala irad bildirdim. Tural isə bundan qıcıqlandı. Bu zaman uşaqlar Turalı sakitləşdirdilər”.
Səyyadın ifadəsinə görə, daha sonra bir daha Tural söyüş söydüyü üçün ona yenə irad bildirib:
“Bu vaxt Tural mənə “aşağıya gəl” deyə ifadə işlətdi. Beləcə biz aşağıya düşdük. Tural üçün taksi çağırmaq istədim, düşündüm ki, içkili adamdır, evə getsin. Biz söhbət etdiyimiz anda Tural anidən mənə əl atdı. Mən də Turala qarşılıq verdim və biz bir-birimizi vurmağa başladıq. Orada aptekin yanında balaca radio düzəldilən köşk olub. Biz həmin köşkə dəydik və nəticədə onun şüşəsi qırıldı. Bizi ayırandan sonra Tural bir daha üzərimə hücum edən zaman qırılmış şüşəni götürdüm və Turalın sol tərəfindən bir zərbə endirdim. Həmin vaxt mənim də əlim kəsildi və şüşə də qırıldı. Hadisədən sonra evə getdim. Növbəti gün sahə rəisi işləyən polis əməkdaşı qapıma gəldi. Mən Turalın xəstəxanada olduğu xəbərini aldım”.
İş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Turalın sözlərinə görə, hadisə günü toydan gəlib:
“Özüm Cəlilabad rayonunda yaşayıram. Lakin toyla əlaqədar Bakıya gəlmişdim. Toydan çıxarkən içkili olmuşam. Toydan sonra kafeyə gəldim. İçkili olduğum üçün Səyyadla mübahisəm yarandı. Mən kafedə ümumi söyüşlər söyməyə başladım. Səyyad isə mənə bununla bağlı irad bildirdi. Biz daha sonra aşağıda söhbət etməyə başladıq və aramızda mübahisə yarandı. Mən yumruq atdım, nəticədə Səyyad şüşəyə çırpıldı və şüşə sındı. Mübahisə zamanı Səyyad sınmış şüşə ilə məni vurdu. Həmçinin Səyyadın da əli kəsildi”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səyyad 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


