Toyuq sinəsini sobada bişirərkən ən çox rast gəlinən problem onun qurumasıdır. Lakin bir neçə sadə qaydaya əməl etməklə əti yumşaq və sulu saxlamaq mümkündür.
Demokrat.az xəbər verir ki, toyuq sinəsinin tərkibində yağ az olduğundan yüksək temperaturda və uzun müddət bişirildikdə tez nəmini itirir. Buna görə də əsas məsələ sobanın temperaturunu düzgün seçmək və əti həddindən artıq bişirməməkdir.
Sinə ətini bişirməzdən təxminən 15 dəqiqə əvvəl soyuducudan çıxarmaq məsləhətdir. Daha sonra üzərinə az miqdarda bitki yağı sürtülür və zövqə uyğun ədviyyatlarla qarışdırılır. Bu üsul həm ətə dad verir, həm də səthinin daha şirəli qalmasına kömək edir.
Lazım olan ərzaqlar:
* 2 ədəd dərisiz və sümüksüz toyuq sinəsi; * 1 xörək qaşığı bitki yağı; * yarım çay qaşığı sarımsaq tozu; * yarım çay qaşığı qurudulmuş reyhan; * yarım çay qaşığı qurudulmuş kəklikotu; * yarım çay qaşığı qurudulmuş oregano; * zövqə görə duz; * zövqə görə qara istiot.
Ədviyyatları zövqə uyğun dəyişmək də mümkündür. Məsələn, reyhan əvəzinə rozmarin, oregano əvəzinə isə italyan otlarından istifadə edilə bilər. Sarımsaq tozunu az miqdarda doğranmış təzə sarımsaqla da əvəz etmək mümkündür.
Toyuq sinəsi sobada necə bişirilməlidir?
Əvvəlcə sobanı 220 dərəcəyə qədər qızdırın. Bu vaxt toyuq döşünü soyuducudan çıxarıb təxminən 15 dəqiqə otaq temperaturunda saxlayın.
Kiçik qabda sarımsaq tozu, reyhan, kəklikotu, oregano, duz və qara istiotu qarışdırın.
Toyuq sinəsini kağız dəsmalla qurulayın, üzərinə az miqdarda yağ çəkin və hazırladığınız ədviyyat qarışığını hər tərəfinə yaxşıca sürtün. Əgər ət parçalarının qalınlığı bir-birindən ciddi şəkildə fərqlənirsə, onları mümkün qədər eyni qalınlığa gətirmək lazımdır. Bu, bütün hissələrin eyni vaxtda bişməsinə kömək edəcək.
Əti soba sinisinə yerləşdirib əvvəlcədən qızdırılmış sobaya qoyun. Kiçik ölçülü toyuq sinəsini adətən 18-20 dəqiqəyə, daha iri parçalar isə təxminən 20-25 dəqiqəyə bişir.
Lakin bişmə müddəti ətin qalınlığından və sobanın xüsusiyyətlərindən asılı olduğundan yalnız vaxta güvənmək düzgün deyil.
Ətin tam bişdiyinə əmin olmaq üçün mətbəx termometrindən istifadə etmək olar. Termometri toyuğun ən qalın hissəsinə yerləşdirin. Daxili temperatur 74 dərəcəyə çatdıqda əti sobadan çıxarmaq lazımdır.
Toyuğu sobadan çıxardıqdan sonra dərhal doğramaq əvəzinə bir neçə dəqiqə dincə qoymaq məsləhətdir. Daha sonra əti liflərin əks istiqamətində doğrayaraq tərəvəz, salat və ya qarnir ilə süfrəyə vermək olar. Bu üsulla toyuq sinəsi qurumadan yumşaq, sulu və daha ləzzətli alınacaq.
Jalə Demokrat.az


