Siyasət Özəl

Rusiyalı ekspert: Qərb Ermənistanı Rusiyaya qarşı növbəti döyüş meydanına çevirmək istəyir

Rusiyalı ekspert: Qərb Ermənistanı Rusiyaya qarşı növbəti döyüş meydanına çevirmək istəyir

Hazırda Qərb ilə Rusiya arasında müharibə gedir və Qərb bu mübarizədə müxtəlif taktikalardan istifadə edir. Qərb üçün Ermənistan Rusiyaya qarşı cəbhənin açıla biləcəyi daha bir meydandır.

Demokrat.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Dmitri Trenin "Novosti Armenii" xəbər portalına verdiyi müsahibəsində deyib..

Onun sözlərinə görə, Qərb Ermənistanda bu istiqamətdə işləməyə hazır qüvvələrin olduğunu görür və onlarla fəal şəkildə əməkdaşlıq edir və qarşılıqlı əlaqələr qurur.

Rus analitik qeyd edib ki, Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın həyata keçirdiyi siyasət xətti ilə bağlı heç bir xüsusi illüziya bəsləmir.

O, aydınlıq gətirib ki, əgər Ermənistan Avrasiya İttifaqında qalmağı və Avropa İttifaqına doğru hər hansı addım atmaqdan imtina etməyi qərara alarsa — bu iki üzvlüyün bir-biri ilə tam uyğunsuzluğunu nəzərə alaraq — Rusiya Ermənistanla münasibətlərini yaxın tərəfdaş və müttəfiq kimi davam etdirəcək.

"Lakin əgər Ermənistan Avropa vektorunun daha vacib olduğu qənaətinə gələrsə, o zaman Putinin də bəyan etdiyi kimi, biz bunu nəzərə alacaq və Ermənistanla iqtisadi və digər münasibətlər çərçivəsində müvafiq addımlar atacağıq", - deyə Trenin bildirib.

Trenin Ermənistan və Ukraynadakı vəziyyətləri müqayisə edərək qeyd edib ki, onun qiymətləndirməsinə görə, Rusiya buna qarşı çıxdığı müddətcə Ukraynanın NATO üzvü olmaq şansı heç vaxt olmayıb, yoxdur və olmayacaq.

"Biz Ukraynada baş verənləri böyük ölçüdə NATO-nun genişlənməsi prosesinin və 2014-cü il çevrilişindən sonra hakimiyyətə gələn Ukrayna rəhbərliyinin NATO-ya inteqrasiya kursunu öz xarici siyasətinin əsas xətti kimi elan etməsinin nəticəsi kimi görürük", – deyə siyasi təhlilçi bildirib.

O, Ermənistanın yaxın gələcəkdə Avropa İttifaqına üzvlük şansının olmadığına əminliyini ifadə edib.

Onun fikrincə, Qərb üçün Ermənistan Rusiya ilə geosiyasi mübarizə fonunda ona qarşı açıla biləcək növbəti bir cəbhə kimi maraq kəsb edir:

"Əgər Ermənistan bu mübarizədə Avropa İttifaqının əlində bir alətə çevrilmək istəyirsə, Aİ bundan mütləq istifadə edəcək", - deyə politoloq fikrini bitirib.

Alparslan

D
demokrat.az