Abşeron rayonunda oğluna iş axtaran qadın dələduzluqla üzləşib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Ramil tanışı Muradın anası Gülşənin oğlunu işə düzəltmək istəməsini bilib. O, bu işi düzəltməklə bağlı yalan vəd verib, Gülşənin Xırdalan şəhəri, Gənclər şəhərciyində oğlu vasitəsilə verdiyi 2200 manatı ələ keçirib.
Ramilin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Ramil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Gülşəni əvvəllər tanımayıb: “2025-ci ilin yanvar ayının əvvəllərində Gülşənin oğlu Muradı əvvəllər bir qonşu kimi tanımışam. Murad iş axtardığını bildirdiyi üçün ona işlə maraqlanacağımı, əgər mühafizədə iş tapa bilərəmsə, ona deyəcəyimi dedim”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra Murada mühafizədə işçi axtarıldığını, lakin ora işə 1500 manata qəbul etdiklərini deyib:
“Eyni zamanda əlavə olaraq 500 manat da paltar pulu istənildiyini, yəni ümumilikdə 2000 manata həmin məsələni həll edəcəyimi dedim. Həmin vaxt Murad “gedim evdə anamla məsləhətləşim, sonra sənə deyərik” dedi. Yanvar ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyində olarkən Muradın anası Gülşən zəng edərək iş barədə təkrarən soruşdu. Ona da oğluna izah etdiyim kimi iş barədə məlumat verdim”.
Ramilin ifadəsinə görə, daha sonra Murad onunla Abşeron rayonu, Gənclər şəhərciyində yaşadığı binanın qarşısında görüşüb və Muraddan 2200 manat alıb:
“Həmin vaxt Murada dedim ki, təxminən 1-2 ay ərzində iş məsələsini həll edəcəyəm. Həmin puldan 600 manatını idarə etdiyim avtomobilin təmirinə xərclədim. Lakin Murad turnikdə çəkinə bilmədiyi üçün onu işə götürmədilər. Sonradan Muradın anası Gülşən pulunu geri istədi. Pulun 600 manatını xərclədiyim üçün qalan 1600 manatını təxminən 2025-ci ilin avqust ayında Gülşənin göndərdiyi hesab kartına göndərdim. Qalan pulu isə qaytara bilmədim. Sonradan Gülşənin polisə şikayət etdiyini bildim”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda etdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı ödədiyini, barəsində amnistiya aktının tətbiq edilməsini istəyib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Ramilin barəsində amnistiya aktı tətbiq edilib və o, cinayət məsuliyyətindən azad edilib, cinayət işi üzrə icraata xitam verilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmə iclası zalından həbsdən azad edilib.


