Maraqlı Özəl

Bolqar bibərindən 4 fərqli salat: Köhnə reseptlər yenidən gündəmdə

Bolqar bibərindən 4 fərqli salat: Köhnə reseptlər yenidən gündəmdə

Bolqar bibərindən yalnız klassik tərəvəz salatları hazırlamaq lazım deyil. Onu alma, pomidor, acı bibər və müxtəlif souslarla birləşdirərək fərqli dadlara malik salatlar hazırlamaq mümkündür.

Demokrat.az "Unian"a istinadən bu tərəvəzdən hazırlanan və köhnə kulinariya kitablarında yer alan dörd sadə resepti təqdim edir.

Yaşıl şirin bibər salatı

Yüngül və təravətli bu salat xüsusilə ət yeməklərinin yanında qarnir kimi istifadə oluna bilər.

Hazırlamaq üçün 8 ədəd bibər, 15 qram sirkəli su, 30 qram şəkər, günəbaxan yağı və duz lazımdır.

Bibərlər yuyulub təmizləndikdən sonra halqa formasında doğranır və isti duzlu suda 7-10 dəqiqə saxlanılır. Daha sonra su süzülür, bibərlərin üzərinə soyuq su, sirkə, duz və şəkər əlavə edilir. Süfrəyə verilərkən günəbaxan yağı ilə qarışdırılır.

Bibər və alma salatı

Şirin bibərlə almanın birləşməsi salata həm şirin, həm də yüngül turşməzə dad verir. Şüyüd isə ona əlavə təravət qatır.

Bu salat üçün 300 qram şirin bibər, 2 alma və şüyüd tələb olunur. Sous üçün isə 30 qram şəkər, bir ədəd soğan, bir diş sarımsaq və 1-2 xörək qaşığı tomat püresi istifadə edilir.

Bibər qaynar su ilə yumşaldılır, soyudulur və doğranır. Almalar soyulduqdan sonra sürtgəcdən keçirilərək bibərlə qarışdırılır.

Ayrıca günəbaxan yağına tomat püresi, xırda doğranmış soğan və sarımsaq əlavə edilir. Hazırlanan sous salata tökülür və üzərinə şüyüd səpilir.

Şirin bibər və pomidor salatı

Bu reseptdə bişmiş şirin bibər təzə pomidor və acı bibərlə birləşdirilir. Sarımsaq isə salata daha kəskin dad verir.

100 qram şirin bibər, 20 qram acı bibər, bir xörək qaşığı günəbaxan yağı, bir pomidor, sarımsaq və duz lazımdır.

Şirin bibər sobada bişirilir, qabığı və toxumları təmizlənərək doğranır. Daha sonra acı bibər, duz və yağ əlavə olunur.

Pomidor sürtgəcdən keçirilir, üzərinə əzilmiş sarımsaq və duz qatılır. Alınan qarışıq bibərin üzərinə əlavə edilərək salat hazırlanır.

Qırmızı şirin bibər salatı

Daha doyumlu variant axtaranlar üçün qırmızı bibər, pomidor və soğandan hazırlanan bu salat uyğun seçimdir. Mayonez və göyərti isə yeməyə əlavə dad verir.

500 qram bibər, 2-3 pomidor, 2 soğan, mayonez, şüyüd və cəfəri tələb olunur.

Bibərin toxumları təmizlənir və duzlu suda təxminən 5 dəqiqə qaynadılır. Soyuduqdan sonra zolaq formasında doğranır. Ardınca pomidor və soğan əlavə edilir, mayonez və doğranmış göyərti ilə qarışdırılır.

Bu salat həm gündəlik süfrə, həm də qonaqlıq üçün hazırlana bilər.

Jalə Demokrat.az

D
demokrat.az