Siyasət Özəl

Onların ərazi iddiaları konstitusiyadan götürüldükdən sonra sülh müqaviləsi labüd olacaq — Deputat

Onların ərazi iddiaları konstitusiyadan götürüldükdən sonra sülh müqaviləsi labüd olacaq — Deputat

Azərbaycan və Ermənistan “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”nun (TRIPP) keçəcəyi ərazidə dövlət sərhədinin müəyyən hissəsinin delimitasiyasını həyata keçirə bilər.

Milli Məclisin deputatı Elman Nəsirov mövzu ilə bağlıDemokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün etimad mühiti formalaşmaqdadır və bu istiqamətdə addımlar atılır:

Onların ərazi iddiaları konstitusiyadan götürüldükdən sonra sülh müqaviləsi labüd olacaq — Deputat

“Xüsusilə də keçən il avqustun 8-də Vaşinqtonda imzalanmış tarixi razılaşmalar, o cümlədən sülh müqaviləsinin paraflanması regionumuza uzunmüddətli və dayanıqlı sülhün gələcəyinə olan ümidləri xeyli gücləndirib. Etimad mühiti ilə bağlı addımlar sırasında onu da qeyd edək ki, Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun, yəni TRİP-in reallaşması ilə bağlı artıq müəyyən addımlar atılmaqdadır və bu istiqamətdə işlər gedir. Həmin istiqamət üzrə 42 kilometrlik yolun çəkilməsi Ermənistanın həll edəcəyi məsələlər sırasındadır. Azərbaycan isə artıq bu istiqamətdə həm avtomobil yolunun çəkilişini başa çatdırıb, həm də dəmir yolu xəttinin çəkilişinin gələn il yekunlaşması gözlənilir. Yəni söhbət Horadizdən Ermənistan sərhədinə, Ağbəndə qədər olan məsafədən gedir. Horadiz–Ağbənd avtomobil yolunun çəkilişi artıq reallaşıb, dəmir yolu xəttinin çəkilişi isə gələn il yekunlaşmalıdır”.

Deputat vurğulayıb ki, bunların hamısı, heç şübhəsiz ki, sülh müqaviləsinə aparan yolu qısaldır, sülhü daha da yaxınlaşdırır:

“Bu prosesdə etimad mühitini gücləndirən amillərdən biri də dövlət sərhədinin müəyyən edilməsi ilə bağlı delimitasiya istiqamətində addımların atılmasıdır. Bu istiqamətdə işlər gedir, müvafiq komissiyaların toplantıları da keçirilir. İndi əsas məsələlərdən biri də TRİP layihəsinin reallaşacağı istiqamət üzrə, yəni Zəngəzur dəhlizi boyunca sərhədlərin müəyyən hissəsinin delimitasiyası ilə bağlı məsələlərdir. Bunun həyata keçirilməsi mümkündür. Bunun üçün artıq etimad mühiti, qeyd etdiyim kimi, güclənir. Belə olan vəziyyətdə həmin istiqamətdə delimitasiyanın reallaşdırılması, nəticə etibarilə, çoxdan gözlənilən sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilər. Qarşıda Ermənistanda referendumun keçiriləcəyi gözlənilir. Onun gələn ilin yazına qədər keçiriləcəyinə ümidlər var. Azərbaycanla bağlı ərazi iddiaları Konstitusiyadan götürüldükdən sonra hesab edirəm ki, sülh müqaviləsinin imzalanması labüd proses olacaq və bu proses öz məntiqi sonluğuna çatacaq. İndi delimitasiya məsələləri də xüsusi əhəmiyyət kəsb edir və bizi daimi, uzunmüddətli sülhə aparan həmin X gününü yaxınlaşdıran amillərdəndir”.

Fidan Hacızadə

D
demokrat.az