Bakı metropoliteninin “28 May” stansiyası ilə bağlı aparılan təmir işləri və yeni ekspress marşrutların istifadəyə verilməsi fonunda uzaq ərazilərdən mərkəzə hərəkət edən avtobusların intervalında gecikmələr müşahidə olunur. Bunlardan biri də 133 nömrəli marşrut avtobusudur. Hansı ki, Gənclik metrostansiyası ilə Binəqədi kəndini əlaqələndirən avtobusla bağlı son günlər intervalla bağlı şikayətlər yaranıb.
Nəqliyyat eksperti Eldəniz Cəfərov məsələ ilə bağlıDemokrat.az-a açıqlamasında söyləyib ki, digər marşrutlarda hərəkət edən avtobusların gecikmələrinin yeni təşkil olunan ekspres M avtobusları ilə hər hansı əlaqəsi yoxdur:
“Həmin marşrutlar ayrı istiqamətlər üzrə fəaliyyət göstərir və onlar üçün ayrıca avtobus parkından nəqliyyat vasitələri ayrılıb. Buna görə də ekspres marşrutların yaradılması digər avtobusların intervalının uzanmasına səbəb olmayıb. Hazırda avtobusların intervalında yaranan gecikmələrin əsas səbəbləri yollardakı sıxlıq və aparılan təmir işləri ilə bağlıdır. Hazırda bir sıra ərazilərdə yol-təmir işləri həyata keçirilir. Bununla yanaşı, həmin istiqamətlərdə nəqliyyat vasitələrinin sayının çox olması da sıxlığı artırır. Avtobuslar həm sıxlıqda, həm də təmir işləri aparılan yollarda hərəkət etdiyinə görə müəyyən müddət tıxacda qalır və nəticədə marşrut üzrə nəzərdə tutulan interval pozulur”.
Ekspert qeyd edib ki, bu baxımdan, gecikmələrin qarşısının alınması üçün ilk növbədə yollarda avtobusların sərbəst və maneəsiz hərəkəti təmin olunmalıdır:
“Tıxacların minimuma endirilməsi, xüsusilə təmir-tikinti işlərinin nəqliyyatın hərəkətinə mümkün qədər az təsir göstərəcək şəkildə təşkil edilməsi vacibdir. Yol işləri elə planlaşdırılmalıdır ki, avtobusların hərəkəti mümkün qədər məhdudlaşdırılmasın. Bu məsələ yalnız avtobuslarla bağlı deyil. Həm fərdi nəqliyyat vasitələrinin, həm də taksilərin normal və təhlükəsiz hərəkətinin təmin olunması üçün yollarda nəqliyyatın axını düzgün təşkil edilməlidir. Əks halda, yollarda yaranan sıxlıq bütün nəqliyyat vasitələrinin hərəkətinə və nəticədə sərnişinlərin mənzil başına vaxtında çatmasına təsir göstərir”.


