Kriminal Özəl

Cücə almaq istədi, 750 manat ziyana düşdü — Məhkəmə

Cücə almaq istədi, 750 manat ziyana düşdü — Məhkəmə

Ucar rayonunda fərdi əməklə məşğul olan 29 yaşlı kişi dələduzluq etməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, dələduzluq halı sosial şəbəkə üzərindən baş verib. Sabirabad rayon sakini, 1997-ci il təvəllüdlü Orxan özgənin əmlakını ələ keçirmək məqsədi ilə Xarkov toyuq cinsindən olan cücələrin fotoşəklini Lalafo.az internet saytına yerləşdirib və guya həmin cinsdən cücələrin satışı ilə məşğul olması barədə yalandan elan verib.

Həmin elanda yerləşdirdiyi WhatsApp vasitəsilə əlaqə saxlamış Ucar rayonu, Qarabörk kənd sakini Rəşadın etibarından sui-istifadə edib və ona Xarkov toyuq cinsindən olan 150 ədəd 3-4 aylıq cücə göndərəcəyinə dair yalan vəd verib. Bu adla onun ümumilikdə 750 manat məbləğində pulunu ələ keçirib.

Zərərçəkmişin şikayəti əsasında Orxanın barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə izahat verən Orxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Ucar rayonu, Qarabörk kəndində yaşayan Rəşadı əvvəllər tanımayıb:

“2018-ci ildən başlayaraq müxtəlif cinsdən olan cücələri almışam, bir ay saxladıqdan sonra bir qədər baha qiymətə satmışam. 2023-cü ildə cücə satışından külli miqdarda maddi ziyan etdiyim üçün ayrı-ayrı şəxslərə borcum yarandı. Sonrakı illərdə yenə də fasilələrlə cücə alıb-satmaqla məşğul oldum və bununla bağlı Lalafo.az internet saytında müxtəlif cinsdən, o cümlədən Xarkov toyuq cinsindən olan 3-4 aylıq cücələrin satışı ilə bağlı elan yerləşdirdim, öz mobil telefon nömrəmi qeyd etdim ki, həmin cinsdən cücə almaq istəyən şəxslər mənə müraciət etsinlər”.

Təqsirləndirilən şəxs bildirib ki, 2025-ci il tarixdə tanımadığı şəxs xatırlamadığı mobil telefon nömrəsindən ona mesaj yazıb və Xarkov toyuq cinsindən cücə olub-olmaması və qiyməti ilə bağlı maraqlanıb:

“Pula ehtiyacım olduğu üçün özüm həmin şəxsə zəng vuraraq Xarkov toyuq cinsindən cücə olduğunu bildirmək və bu yolla həmin şəxsdən pul almaq qərarına gəldim. Növbəti gün, səhər saatlarında WhatsApp vasitəsilə həmin şəxsə zəng vurdum, Lalafo.az internet saytında cücə satışı ilə bağlı elanı özümün yerləşdirdiyimi və Xarkov toyuq cinsindən olan 3-4 aylıq cücələrin bir ədədini 7 manata satdığımı bildirdim. Ondan neçə ədəd cücə almaq istədiyini soruşdum. Həmin şəxs də adının Rəşad olduğunu, Ucar rayonunda yaşadığını, cücənin bir ədədini 5 manatdan versəm, 50 ədəd cücə alacağını bildirdi. Rəşada az sayda cücə almaq istədiyini, ona görə də həmin sayda cücənin bir ədədini 5 manata satmağın sərfəli olmadığını bildirdim. Ona 150-200 ədəd arası cücə alacağı təqdirdə bir ədədini 5 manata satacağımı söylədim. Məqsədim bu yolla Rəşadı özümə inandırmaq, daha çox pul almaq olub. Çünki həmin ərəfələrdə barəmdə olan cinayət işinə Oğuz Rayon Məhkəməsində baxılırdı. Mən məhkəməyə getməyərək yayındığıma görə həbs olunacağımdan qorxub, heç bir işlə məşğul ola bilməmişəm. Rəşad 150 ədəd cücə almağa razılaşdıqdan sonra ona bank kartımın fotoşəklini WhatsApp vasitəsilə göndərdim. Həmçinin də dedim ki, əgər həmin sayda cücə alacaqsa, beh olaraq 100 manat göndərsin. Rəşad kim olduğumu bilməsi üçün şəxsiyyət vəsiqəmin şəklini çəkərək ona göndərməyimi, kim olduğumu bildikdən sonra 100 manatı göndərəcəyini bildirdi. Mən də Rəşadın inanması üçün həmin gün öz şəxsiyyət vəsiqəmin şəklini göndərdim ki, onu cücə göndərəcəyimə inandırıb pul ala bilim. Şəxsiyyət vəsiqəmin şəklini göndərdikdən bir qədər sonra Rəşad bank kartıma 100 manat köçürdü. Rəşadın bank kartına köçürdüyü 100 manatı şəxsi ehtiyaclarım üçün xərclədim”.

Orxanın ifadəsinə görə, həmin gün günorta saatlarında yenidən WhatsApp vasitəsilə Rəşada zəng vurub və cücə göndərməsi üçün şərikinin qalan 650 manat pulu istədiyini, həmin məbləğdə pulu göndərməsə, ona cücə göndərməyin çətin olacağını, 150 ədəd cücəni ona göndərməsi üçün qalan 650 manatı bank kartına göndərməsini deyib:

“Rəşad həmin məbləğdə pulu bank kartıma köçürəcəyini bildirdi və axşam saatlarında 650 manatı köçürdü. Rəşaddan aldığım 650 manatı da sonrakı günlərdə öz şəxsi ehtiyaclarım üçün xərclədim. Sonrakı günlərdə Rəşad zəng vuraraq cücələri nə vaxt göndərəcəyimi soruşdu. Yalandan cücə sifariş verdiyimi, gəldikdən sonra göndərəcəyimi deməklə onu aldadaraq vaxtı uzatdım. 2025-ci ilin noyabr ayının sonlarında tutuldum və həmin vaxtdan sonra Rəşadla heç bir əlaqəm olmadı. Rəşaddan 750 manat pulu alarkən ona cücə göndərmək niyyətim və belə bir imkanım olmayıb. Məqsədim cücə göndərəcəyimi deməklə Rəşadı aldadaraq pul almaq olub”.

Təqsirləndirilən şəxs bildirib ki, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışıb, dəymiş ziyanı tamamilə ödəyib, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. O, ifadəsinin anasının ağır xəstə olmasını, ailədə yeganə qazanc gətirən şəxs olduğunu deyib. Bildirib ki, Vətən müharibəsinin iştirakçısıdır, medallarla təltif olunub.

Ucar Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilib və həmin qərarın 1.1-ci, 1.2-ci və 5.1-ci bəndlərinə əsasən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmdən görünür ki, Oğuz Rayon Məhkəməsinin 13 fevral 2026-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 1 il 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Fariz Məlikli

D
demokrat.az