Qax rayonunda 30 yaşlı kişi sevdiyi qızın işlədiyi mağazaya basqın edib, iki nəfərə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qax şəhəri, Heydər Əliyev prospektində baş verib. 1996-cı il təvəllüdlü Turan həmin ünvanda yerləşən kosmetika mağazasının içərisində və qarşısında xuliqanlıq edib. O, həmin mağazada satıcı işləyən Qax şəhər sakini Əfsanəyə (adlar şərtidir – red.) qarşı ucadan nalayiq və şəxsiyyəti alçaldan ifadələr işlədib.
Bundan sonra mağazanın giriş hissəsində yerdə olan elektrik çaydanına təpiklə qəsdən iki dəfə vurmaqla onu qırıb. Həmin çaydanın qırılmış hissələrinin Əfsanənin və mağazada müştəri olan Günayın ayaq nahiyələrinə dəyməsi nəticəsində onlar xəsarət alıblar. Bundan əlavə, çaydanın qalıq hissələrindən biri mağazada olan digər qadın, Kəmalənin burun hissəsinə dəysə də, o, xəsarət almayıb.
Turanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Turan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü, saat 18 radələrində Qax şəhəri, H. Əliyev prospektində yerləşən kosmetika mağazasında işləyən Əfsanə adlı xanımdan xoşu gəldiyi üçün onu mağazadan çölə çağıraraq söz demək istədiyini bildirib:
“Lakin Əfsanə sözlərimə məhəl qoymadı və mağazadan çölə çıxmadı. Mən də əsəbləşdim və onun ünvanına nalayiq ifadələr işlədərək mağazanın içərisinə daxil oldum, ona iradımı bildirdim. Mağazanı tərk edən zaman Əfsanənin əlində olan elektrik çaydanı əlindən sürüşərək yerə düşdü. Mən çaydanın Əfsanəyə dəyməsi üçün bir dəfə təpiklə vurdum. Çaydan mağazanın qapısına dəyərək dayandı. İkinci dəfə vurduqda mağazaya atılaraq parçalara ayrıldı və parçalardan biri onun sol ayağının baldır hissəsinə, digər hissələri isə orada olan tanımadığım xanımlara dəydi. Mən daha sonra oradan qaçaraq uzaqlaşdım”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən səmimi peşman olduğunu, ona yüngül cəza verilməsini xahiş edib.
İş üzrə zərərçəkmiş Əfsanənin sözlərinə görə, Qax şəhəri, Heydər Əliyev prospektində yerləşən kosmetika mağazasında bir ilə yaxındır satıcı işləyir:
“Qax şəhər sakini Turan adlı şəxs mağazaya gələrək məni dəfələrlə narahat edib. Ona məni narahat etməməsini desəm də, öz hərəkətlərini davam etdirib. Hətta işdə olduğum müddətdən əlavə, gecələr evimin qarşısına gələrək otağın pəncərəsinə daş ataraq məni narahat edib”.
Zərərçəkmiş qeyd edib ki, məlum hadisə günü, saat 18 radələrində işdə olduğu zaman Turan mağazanın qarşısına gəlib: “O, küçədə dayanaraq mənə baxdı. Daha sonra mağazanın qapısına yaxınlaşaraq qapını açdı və mənə sözü olduğunu dedi, çölə çağırdı. Ona getməsini, məni narahat etməməsini, onunla danışmaq istəmədiyimi dedim. Lakin həmin vaxt Turan küçədə dayanaraq məni qaçıracağını və başıma oyun açacağını deyərək hədələməyə başladı. Turana getməsini dedikdə isə, məni nalayiq söyüşlərlə söyüb-təhqir etməyə davam etdi. Həmin vaxt əlimdə içərisinə su doldurmaq üçün götürdüyüm mağazada olan elektrik çaydanı əlimin titrədiyi üçün yerə düşdü. Turan çaydana bir dəfə təpiklə vurdu, çaydan mağazanın qapısına dəyərək yerində qaldı. O, təkrar çaydana ikinci dəfə təpiklə vurduqda parçalara ayrıldı, həmin parçalardan biri sol ayağımın baldır nahiyəsinə, digər parçanın isə mağazada olan müştərinin ayağına və mağazada olan müdirinin qızı Kəmalənin burnuna dəydi. Turan bunu görən kimi oradan qaçaraq uzaqlaşdı. Hadisə zamanı çaydanın qırılması nəticəsində mənə 20 manat ziyan dəydi”.
Qax Rayon Məhkəməsinin hökmü ilə Turan aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.


