Özünüzü pis hiss etdiyiniz zaman bir kasa isti toyuq şorbası vəziyyətinizi yüngülləşdirə bilər. Bulyon orqanizmi maye ilə təmin edir, istilik burun tutulmasını azaltmağa kömək edə bilər, bəzi inqrediyentlər isə orqanizmi qida maddələri ilə təmin edir.
Demokrat.az xəbər verir ki, bu barədə “Health” yazıb.
Nəşr qeyd edib ki, toyuq şorbasının spesifik antiviral və ya iltihabəleyhinə təsirinə dair sübutlar azdır. Bununla belə, sağalma dövründə kifayət qədər maye qəbul etmək xəstəlik zamanı gücü qorumağa kömək edə bilər.
“Soyuqdəymədən sağalma baxımından toyuq şorbasının konkret faydalarını araşdıran çox sayda başqa tədqiqat tapa bilmədim”, deyə diyetoloq Alissa Payk bildirib.
Qeyd edildiyi kimi, toyuq şorbasının sağlamlıq üçün faydası onun tərkibindən asılıdır. Şorbaya toyuq bulyonu, ət və yerkökü, sarımsaq, soğan və kərəviz kimi tərəvəzlər daxil ola bilər.
Kaliforniya Dövlət Universitetinin diplomlu diyetoloqu və müəllimi Amanda Sousedanın sözlərinə görə, bu faydalı komponentlər toyuq şorbasını ayrı-ayrı inqrediyentlərinin sadə cəmindən daha dəyərli edə bilər.
“Toyuq şorbasının inqrediyentləri vitaminlər və antioksidantlarla zəngindir. Onlar orqanizmin təbii bərpa prosesinə kömək edə bilər. Yerkökü immun sisteminin sağlamlığı, eləcə də mədə-bağırsaq traktını örtən hüceyrələr üçün mühüm əhəmiyyət daşıyan A vitamininin mənbəyidir. Bu hüceyrələr orqanizmin ilk müdafiə xəttidir”, deyə Souseda “Nutrients” jurnalında dərc olunan araşdırmaya istinadən bildirib.
Nəşrin məlumatına görə, “Nutrients” jurnalında dərc edilmiş başqa bir araşdırmada soğan və sarımsağın antiviral və iltihabəleyhinə xüsusiyyətlərə malik olduğu göstərilib.
Bundan əlavə, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına əsasən, toyuq sümüyü bulyonunun tərkibində kalium, fosfor və xlorid kimi əhəmiyyətli miqdarda elektrolitlər var. Bu maddələr xəstəlik zamanı yarana bilən susuzlaşma hallarında faydalıdır.
Diyetoloq Sara Garone bildirib ki, hazırda məhz toyuq şorbasının özünün iltihabəleyhinə təsir göstərdiyini təsdiqləyən araşdırmalar yoxdur. Lakin onun tərkibindəki yerkökü, sarımsaq və soğan kimi inqrediyentlərin həqiqətən belə xüsusiyyətləri var.
Souseda toyuq şorbasını ev şəraitində hazırlamağı tövsiyə edir. Bu zaman iki mühüm amili – natriumun və ədviyyatların miqdarını nəzarətdə saxlamaq mümkündür.
Onun sözlərinə görə, bəzi hazır şorbaların tərkibində həddindən artıq natrium ola bilər. Bu isə arterial təzyiqə mənfi təsir göstərə və bağırsaqları qıcıqlandıra bilər. Hazır şorba seçildiyi halda, antioksidantların miqdarını artırmaq üçün ona əlavə tərəvəzlər qatmaq tövsiyə olunur.
Toyuq şorbasını kifayət qədər isti halda içmək məsləhətdir. Nəşrin yazdığına görə, bu, müsbət emosional reaksiyalara səbəb ola bilər və özünüzü yaxşı hiss etmədiyiniz zaman bunun faydası var.
“Mümumiyyətlə, toyuq şorbası xəstəliyi dayandıra bilən sehrli vasitə olmaya bilər. Lakin onu içdikdən sonra özünüzü daha yaxşı hiss etdiyinizi müşahidə edirsinizsə, rahatlıqla istədiyiniz qədər yeyə bilərsiniz”, deyə məqalədə qeyd edilir.
Jalə Demokrat.az


