Kriminal Özəl

Oğlunu döyməkdə ittiham olunan ata işi araşdırılan dövrdə vəfat etdi — Təfərrüat

Oğlunu döyməkdə ittiham olunan ata işi araşdırılan dövrdə vəfat etdi — Təfərrüat

Ucar rayonunda 48 yaşlı kişi oğluna xəsarət yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Ucar rayonunun kəndlərindən birində baş verib. 1978-ci il təvəllüdlü Ağakişi yaşadığı evdə nalayiq ifadələr işlətdiyinə görə ona irad bildirmiş oğlu Vüsal (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı 48 yaşlı kişi oğlunun boğaz nahiyəsindən tutaraq arxaya itələyib. Nəticədə Vüsal xəsarətlər alıb.

Ağakişinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və iş baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə zərərçəkmiş qismində ifadə verən Vüsalın sözlərinə görə, Bakı şəhərində fərdi əməklə məşğul olub:

“Təqsirləndirilən şəxs mənim atam olub. Anam isə 2020-ci ildə rəhmətə gedib. Təxminən məlum hadisədən 9 ay əvvəl atam Fatimə ilə imam nikahı bağlayıb. Əvvəllər atam ilə aramızda heç bir ədavət və düşmənçilik olmayıb”.

Təqsirləndirilən şəxs deyib ki, məlum hadisədən əvvəl Bakı şəhərində olan zaman Fatimənin mənim şəklimi “WhatsApp” ani mesajlaşma şəbəkəsində statusa qoyduğunu gördüm. Bu zaman atama zəng etdim və ona Fatimədən həmin şəkli götürməsini istədim. Fatimə də şəkli götürməyəcəyini bildirdi. Bu zaman telefonda Fatimə ilə aramızda mübahisə yarandı. Sonra telefonu atam götürdü və atam ilə də telefonda mübahisəm oldu. Həmin vaxt atam məni nalayiq ifadələrlə təhqir etdi”.

Vüsal qeyd edib ki, məlum hadisə günü, saat 14 radələrində paytaxtdan Ucar rayonuna, atasının yaşadığı evə gəlib:

“Həyətə girən zaman atam və Fatimə çölə çıxdı. Bu zaman Fatimənin üzərinə gedərək nə üçün şəklimi statusa qoyduğunu soruşdum. Daha sonra atamdan nə üçün nalayiq ifadələr işlətməsi ilə maraqlandım. Həmin vaxt atam yenidən mənə qarşı nalayiq ifadələr işlətməyə başladı. Mübahisə zamanı atam sağ əli ilə boğazımdan tutaraq boğdu və arxaya itələdi. Bu zaman ayağım ilişdi və kürəyi üstə yerə yıxıldım. Yerə yıxılan zaman sağ qolumun dirsək nahiyəsi yerdə olan daşa dəydi. Yerdə olan zaman isə atam sağ ayağıma bir neçə dəfə təpiklə vurdu. Ayağa qalxan zaman isə Fatimə mənə yaxınlaşaraq üzümə tüpürdü. Bundan sonra polisə müraciət etdim”.

Həmçinin o, ifadəsində baş vermiş hadisə zamanı orada Fatimə, atası və özündən başqa heç kimin olmadığını, baş vermiş hadisə zamanı onları vurmadığını, hadisənin təxminən 15-20 dəqiqə davam etdiyini bildirib.

İş üzrə şahid qismində ifadə verən Fatimənin sözlərinə görə, heç bir yerdə işləməyib, təqsirləndirilən Ağakişi ilə 2024-cü ildə imam nikahı bağlayıb:

“Zərərçəkmiş Vüsal isə ögey oğlum olub. Biz Ucar rayonunun kəndində bir yerdə yaşamışıq. 2025-ci ilin may ayından bəri Vüsal heç bir səbəb olmadan mənim yaşadığım evdən çıxmağımı istəyib. Buna görə də yaşadığımız evdə onunla aramızda tez-tez mübahisə yaranıb. Lakin bu barədə aidiyyəti qurumlara müraciət etməmişəm”.

Fatimə qeyd edib ki, məlum hadisədən əvvəl həmişə olduğu kimi “WhatsApp” ani mesajlaşma şəbəkəsində Vüsalın və onun bacısı uşaqlarının şəkillərini statusa qoyub:

“Bu zaman paytaxtda işləyən Vüsal atasına məxsus nömrəyə zəng etdi və mənimlə danışaraq şəkli silməyimi istədi. Daha sonra ona bacısının uşaqlarının şəkillərini silməyəcəyimi bildirdim. Bu zaman telefonda mübahisəmiz yarandı. Bundan sonra telefonu Ağakişi götürdü və onların da arasında telefonda mübahisə oldu. Həmin vaxt Ağakişi Vüsala qarşı heç bir nalayiq ifadələr işlətmədi”.

Məhkəmə araşdırması zamanı məlum olub ki, cinayət işi üzrə istintaq hərəkətləri aparılan dövrdə Ağakişi vəfat edib. Onun vəfat etməsi ilə bağlı Zərdab rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə məktub da daxil olub. Şöbə tərəfindən göndərilən ölüm haqqında şəhadətnamədən məlum olub ki, Ağakişi qaraciyər peliozu səbəbindən ölüb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci və 44.2.1-1-ci maddələri tətbiq edilməklə ona cəza təyin edilməyib.

Hökmə əsasən ölmüş təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri ləğv edilib.

Fariz Məlikli

D
demokrat.az