Ucar rayonunda 20 yaşlı oğlan iki nəfərə qarşı cinayət törədib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən “Aran” marketin qarşısında baş verib.
2001-ci il təvəllüdlü Səyyad tanışı Rövşənin marketdə olarkən ona növbəsini gözləməsini deməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı yumruq və təpiklə onun sifət, qarın nahiyəsinə vurub. Sonra isə Rövşənin yanında olan Əliyara da xəsarətlər yetirib.
Səyyadın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Səyyad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, valideynləri ilə birlikdə yaşayır:
“Ucar şəhəri, Dədə Qorqud küçəsində yaşayan Rövşəni uşaq yaşlarından, Heydər Əliyev prospektində yaşayan Əliyarı isə 10 il olar tanımışam. Mən onları tanısam da, heç bir şəxsi münasibətim, düşmənçiliyim və ya ədavətim olmayıb”.
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, saat 18 radələrində günəbaxan tumu alması üçün “Aran” marketə gəlib və piştaxtanın üstündən bir ədəd günəbaxan tumu götürdükdən sonra pulunu ödəmək üçün kassaya yaxınlaşıb:
“Həmin vaxt kassanın qarşısında Rövşən, Əliyar və başqa tanımadığım bir neçə nəfərin dayandığını gördüm. Rövşənlə Əliyarı tanıdığım üçün gələrək onların yanında dayandım. Bu zaman Rövşən mənə onlardan sonra gəldiyimi, öz növbəmi gözləməyimi bildirdi. Mən isə ona sakit dayanmasını söylədim. Rövşən sakitləşməyərək bir neçə dəfə eyni sözü təkrar etdi və mənə “çıxarsan çölə səni başa salarıq” dedi. Mən də bildirdim ki, buna bax, dünənin soskaları, çolpaları mənimlə söhbət etmək istəyir. Rövşənlə Əliyar götürdükləri suyun pulunu kassaya ödədi və bayıra çıxandan sonra mən də götürdüyüm günəbaxan tumunun pulunu ödəmədən kassanın üstünə qoydum. Sonra onların arxasınca marketdən bayıra çıxdım. Rövşənlə Əliyarın marketin giriş qapısının yaxınlığında dayandıqlarını gördüm. Yaxınlaşaraq əvvəlcə yumruq və təpiklə Rövşənin sifətinə, qarın nahiyəsinə vurdum. Sonra isə yumruq və təpiklə Əliyarı vuraraq yerə yıxdım”.
Təqsirləndirilən şəxs deyib ki, marketin qarşısından keçən və marketdə olan tanımadığı şəxslər onun Rövşənlə Əliyarı döydüyünü görüb, onların ətrafına toplaşıb:
“Bu zaman marketdən çıxan şəxslərdən biri yaxınlaşaraq məni kənara apardı. Bundan sonra oradan uzaqlaşaraq getdim. Növbəti gün Ucar Rayon Polis Şöbəsinə dəvət olunanda Rövşənin atası Fəqanın Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə oğlunu döyməyim barədə məlumat verdiyini bildim”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını deyib.
Ucar Rayon Məhkəməsinin qərarı ilə 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilib.


