Plovun dadlı və ətirli alınması üçün məhsulların düzgün ardıcıllıqla bişirilməsi vacibdir. Lakin plov hazırlayarkən ilk olaraq ətin, yoxsa soğanın tavaya əlavə edilməsi ilə bağlı vahid qayda yoxdur. Aşpazların fikrincə, əsas məsələ plovun əsasını təşkil edən zirvəyi düzgün hazırlamaqdır.
Demokrat.az xəbər verir ki, məşhur rəvayətə görə, yeməyin “paloş” adında əsas ərzaqların hazırlanma ardıcıllığı gizlənir: soğan, kök, ət, yağ, duz, su və düyü. Bu üsulda əvvəlcə soğan və kök, daha sonra ət qovrulur, düyü isə zirvəyi hazır olduqdan sonra əlavə edilir. Lakin plovun hazırlanmasının müxtəlif üsulları mövcuddur.
Evdə plov hazırlayarkən əvvəlcə yağ yaxşı qızdırılır və ət qızılı rəng alana qədər qovrulur. Daha sonra doğranmış soğan əlavə edilərək qızardılır. Ardınca çubuq şəklində doğranmış kök, ədviyyatlar və su əlavə olunur. Bu qarışıq bir müddət qaynadılaraq zirvəyi hazırlanır. Sonda düyü üstünə yayılır və ət-tərəvəz qarışığı ilə qarışdırılmadan bişirilir.
Plovun dənəvər alınması üçün ən vacib məqamlardan biri isə suyun miqdarını düzgün hesablamaqdır. Həddindən artıq su düyünün yapışmasına və yeməyin sıyıq kimi alınmasına səbəb ola bilər.
Mütəxəssislər həmçinin plovu qalın dibli qazanda bişirməyi, düyünü zirvəylə qarışdırmamağı və buxarın düzgün şəkildə çıxmasına imkan verməyi tövsiyə edirlər. Yeməyə bütöv sarımsaq başı əlavə etmək də plova xüsusi ətir verə bilər.
Nəticədə, plovun keyfiyyətinə yalnız məhsulların hansı ardıcıllıqla əlavə edilməsi deyil, düyünün növü, suyun miqdarı, temperatur və bişmə müddəti də ciddi təsir göstərir.
Jalə Demokrat.az


