Kriminal Özəl

“Ürəyim” yazılan nömrəni gördü, keçmiş arvadını vurdu — Təfərrüat

“Ürəyim” yazılan nömrəni gördü, keçmiş arvadını vurdu — Təfərrüat

Bakının Nizami rayonunda 49 yaşlı kişinin keçmiş arvadı ilə mübahisəsi cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Həsən həyat yoldaşı Ülkərə (adlar şərtidir – red.) xəsarət yetirib.

İstintaq sənədlərinə görə, Həsən keçmiş arvadının istifadəsində olan mobil telefonuna baxarkən, həmin telefonun ekranında onun dostu kimi bildirdiyi şəxsin adını “ürəyim” yazmasını görüb.

Bu səbəbdən aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı 49 yaşlı kişi əli ilə qadının sol sifət nahiyəsinə bir dəfə zərbə vuraraq ona xəsarətlər yetirib.

Həsənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Həsən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Ülkər ilə 1999-cu ildə ailə həyatı qursa da, 2022-ci ildə boşanıb:

“Buna baxmayaraq, onunla bir mənzildə yaşayıram. 2026-cı il tarixdə, saat 23:30 radələrində yaşadığım mənzildə olan zaman Ülkərin mobil telefonunun masanın üzərində olduğunu gördüm, içərisinə baxış keçirdim. Baxış zamanı telefonda bir nəfər şəxsin nömrəsinin ad yerinə “Ürəyim” sözünün yazıldığını gördüm. Dərhal Ülkərdən nömrənin sahibinin kim olmasını, nə səbəbdən adını “ürəyim” yazdığını soruşdum. Ülkər cavab olaraq “sənə aidiyyəti yoxdur” sözlərini dedi. Bundan əsəbiləşdim, əlim ilə bir dəfə Ülkərin sol sifət nahiyəsinə qəsdən vurdum. Bundan sonra mübahisəmizin böyüməməsi üçün öz otağıma keçdim. Bununla da mübahisə başa çatdı”.

Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş şəxslə dəfələrlə barışmağa cəhd etsə də, barışmayıb. O, əməlindən peşman olduğunu, övladlarını düşünərək belə hərəkət etdiyini qeyd edib.

İş üzrə zərərçəkmiş Ülkərin sözlərinə görə, boşanmağına baxmayaraq, Həsənlə bir mənzildə yaşayıb:

“Həsən mütəmadi olaraq şəxsi həyatıma müdaxilə edərək mübahisələr edir. Məlum hadisə günü, axşam saatlarında yaşadığım ünvanda olan zaman Həsən mobil telefonumu məndən xəbərsiz götürdü, içərisinə baxış keçirdi. Telefonumda dostumun mobil nömrəsinin adını “Ürəyim” yazdığımı gördü. Bu səbəbdən həmin gün saat 23:30 radələrində yaşadığımız mənzildə Həsən mənə yad kişilərlə danışdığını deyərək ünvanıma nalayiq ifadələr işlədərək təhqir etdi. Onun nəzərinə boşandığımızı çatdırdım, şəxsi işlərimə qarışmamasını xahiş etdim. Lakin Həsən sözlərimə məhəl qoymayaraq mübahisəni davam etdirdi, bir dəfə sol sifət nahiyəmə əli ilə zərbə endirdi”.

Nizami Rayon Məhkəməsinin hökmü ilə Həsən 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək yaşadığı ünvanı tərk etməsi, bu müddətdə Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməsi qadağan olunub.

Bundan əlavə, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Fariz Məlikli

D
demokrat.az