tml -->
Bərdə rayonunda 22 yaşlı oğlan anasına ağır xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin yanvarın 22-də rayonun kəndlərindən birində baş verib.
2004-cü il təvəllüdlü Zeynal həmin gün saat 11 radələrində yaşadığı babası Mehdiyə məxsus fərdi yaşayış evində anası Züleyxanın (adlar şərtidir – red.) ikinci evliliyindən olan əri Soltanla telefonda mübahisə etməsini görüb. O, anasına ikinci evlilik həyatı qurmasına narazılıq bildirib.
Bu səbəbdən anasının onun ünvanına nalayiq ifadə işlətməsindən əsəbiləşib və aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı evin mətbəx hissəsindən götürdüyü bıçaqla ona üç dəfə zərbə endirib.
Zeynalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Zeynal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Züleyxa onun anasıdır: "Mən uşaq olarkən anam atamdan ayrıldı və Soltan adlı başqa şəxslə ikinci dəfə evləndi. 2025-ci il tarixdə nənəmin vəfatından bir il keçməsi ilə bağlı mərasim təşkil olundu. Buna görə anam həmin vaxt babamgilə gəlmişdi. Mərasim olan gündən sonrakı gün səhər vaxtı anamın telefonda Soltanla, səhv etmirəmsə, anamın evə tez qayıtması ilə bağlı mübahisə etməsini gördüm. Anama getməməsini dedikdə, aramızda mübahisə yarandı və anam mənə "sən uşaqsan, get otur yerində, qarışma bu məsələlərə" dedi. Anamın dediyi həmin sözləri sinirə bilmədim və mətbəxə gedərək oradan bıçaq götürdüm. Daha sonra qayıdaraq həmin bıçaqla anama xəsarət yetirdim. Bundan sonra bərk qorxduğum üçün özümdə olmadım və bıçağı yerə atdım. Ardınca qonşu Əhliman oraya gəldi. Bir qədər sonra isə polis əməkdaşları gəldi".
Təqsirləndirilən şəxs bildirib ki, o, babası və nənəsi ilə birlikdə yaşayıb, anası isə digər ailəsi ilə birlikdə yaşayıb və 6 il onunla maraqlanmayıb: "Anam Züleyxa yas mərasimi üçün gələn vaxt görəndə onunla normal söhbət etdim. Anam məni atıb getdiyi üçün ona qarşı bir qədər hirsim olub. Bununla belə, anamın məni qoyub getməsi ilə bağlı aramızda mübahisələrimiz olmayıb. Anama xəsarət yetirməyimin səbəbi həm onun əri ilə telefonda mübahisə etməsi, həm də illər əvvəl məni ataraq getməsi olub".
Təqsirləndirilən şəxsin sözlərinə görə, xatırladığı qədəri ilə anasına iki dəfə bıçaqla xəsarət yetirib: "Mən anamın sağ tərəfinə, kürək nahiyəsinə və bazu nahiyəsinə bıçaqla xəsarətlər yetirmişəm. Bıçaqla xəsarət yetirdikdən sonra çox qorxduğum üçün bıçağı yerə atmışam. Həmin vaxtı da bizi heç kim ayırmayıb. Hadisə evdən çölə açılan qapının qarşısında baş verib. Xalam da, xatırladığım qədəri ilə, qonşunu çağırdı. Hadisə zamanı çox qorxduğum üçün anamı xəstəxanaya kimin apardığını bilməmişəm. Hazırda anam ilə barışmışam, artıq onun ikinci evliliyini qəbul etmişəm. Gələcəkdə bir daha belə hala yol verməyəcəyəm. Törətdiyim əməldən peşmanam".
İş üzrə zərərçəkmiş Züleyxanın ifadəsinə görə, 2025-ci il tarixdə anasının ölümündən bir il keçməsi ilə bağlı atasının yaşadığı Bərdə rayonunun kəndinə gedib: "Mərasimin ertəsi günü səhər saatlarında ərim Soltanla telefonla danışan zaman ondan gələrək məni aparmasını istədim. Soltan isə gələ bilməyəcəyini, oğlum Zeynalın, yaxud atamın məni gətirməsini dedi. Soltana atam ilə oğlumun evdə olmadığını dedikdə, ərim ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı Soltan məni təhqir etdi. Həmin vaxtı oğlum bu sözləri eşidərək mənə Soltanın bu formada danışmasına baxmayaraq, nə üçün onunla ailə qurduğumu dedi. Mən Zeynala uşaq olduğunu və bu məsələyə qarışmamasını dedim. Buna görə oğlum ilə aramızda mübahisə yarandı. Daha sonra telefonla danışa-danışa çölə çıxdım. Zəngi sonlandırdıqdan sonra bacım zəng etdi. Mən zəngi açmadım. Bu zaman Zeynal arxadan gələrək məni vurdu".
Zərərçəkmiş şəxs bildirib ki, ilk dəfə ailə qurduğu Zeynalın atası Elnur adlı şəxslə 11-12 il bundan əvvəl ayrılıb: "Elnur ilə ayrıldıqdan sonra oğlum Zeynala anam baxaraq böyüdüb. Mənim ikinci evliliyimdən də övladlarım olub. İkinci dəfə ailə həyatı qurandan sonra oğlum ilə sadəcə telefonla maraqlanmışam, arabir isə atam evinə gedəndə onu görmüşəm. Zeynal hərbi xidmətdən qayıtdıqdan sonra anamın vəfat etməsi oğluma pis təsir etdi. Bundan sonra Zeynal məndən nə üçün onu uşaq vaxtı qoyaraq getdiyimi, yəni ikinci dəfə ailə həyatı qurduğumu soruşdu".
Zərərçəkmişin sözlərinə görə, əri Soltanla telefonda mübahisə edən zaman bacısı və Zeynal evdə olublar: "Bacım həmin vaxt mətbəxdə, mən isə eyvanda olmuşam. Mətbəxlə eyvan bir-birinə yaxın yerləşib. Soltanla mübahisə etməyimi həm bacım, həm də Zeynal eşidib. Zeynalla mübahisə etdikdən sonra telefonla danışa-danışa çölə çıxdım. Bu zaman Zeynal qarşımdan keçərək mətbəxə tərəf getdi. Mən həyətə düşən zaman oğlum arxamdan gələrək məni vurub".
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zeynal 3 il müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası 3 il sınaq müddəti ilə şərti hesab edilib.
Hökmə əsasən, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulub. Onun davranışına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilib.


