Türkiyənin məşhur Yeşilçam aktyorlarından Sibel Turnagöl uzun müddət ekranlardan uzaq qaldıqdan sonra tədbirlərdən birində görüntülənib. Bir vaxtlar kino və televiziya layihələrinin tanınan siması olan Turnagöl hazırda fərqli sahədə fəaliyyət göstərir.
Sibel Turnagöl modellik karyerasına hələ 16 yaşında başlayıb. Bir müddət sonra qatıldığı müsabiqədə “Mankenler Kraliçesi” seçilməsi onun tanınmasına səbəb olub. Ardınca müxtəlif film və seriallarda rol alan sənətçi televiziya proqramlarında aparıcılıq da edib.
Turnagöl 2012-ci ildə Mehmet Çeliklə ailə qurduqdan sonra ekranlarda əvvəlki qədər görünməməyə başlayıb. O, son illərdə daha sakit həyat tərzinə üstünlük verib.
Məşhur aktrisa hazırda İstanbulun Maslak ərazisində yerləşən Atatürk Oto Sanayi Sitesində restoran işlədir. Bildirilir ki, Turnagöl yalnız restoranın idarəçiliyi ilə kifayətlənmir, gündəlik işlərdə özü də yaxından iştirak edir və müştərilərə yeməklərin servisində kömək edir.
Uzun fasilədən sonra tədbirdə jurnalistlərin qarşısına çıxan Turnagöl restoranındakı işlərin yaxşı getdiyini bildirib. O, eyni zamanda yeni layihələr üzərində çalışdığını və ekranlara qayıtmaq üçün hazırlaşdığını deyib.
Sibel Turnagölün tədbirdəki görüntüləri sosial şəbəkələrdə də maraq doğurub. İzləyicilər onun illər ərzində görünüşündə böyük dəyişiklik olmadığını bildirərək müsbət rəylər yazıblar. 




