Dərs ilinin ilk həftələrində valideynlərin əsas məqsədi uşağın məktəb rejiminə tədricən uyğunlaşmasına şərait yaratmaq olmalıdır. Həddindən artıq nəzarət və yüksək gözləntilər isə bu prosesi çətinləşdirə bilər.
Bunu uşaq və ailə psixoloqu Svetlana Qlaqola açıqlayıb.
Onun sözlərinə görə, yeni dərs ilinin ilk ayında uşağın tədris fəaliyyətinə yumşaq şəkildə uyğunlaşması prioritet olmalıdır. Valideynlər əvvəlcə özləri üçün bu tədris ilindən hansı gözləntilərinin olduğunu müəyyənləşdirməli və uşağa uzunmüddətli prosesə uyğun yanaşmalıdırlar.
Psixoloq bildirib ki, valideynlərin ən çox yol verdiyi səhvlərdən biri dərslərin başlanması ilə uşağın üzərinə həddindən artıq yük qoyulmasıdır. Məktəb dərslərinə əlavə olaraq repetitor, müxtəlif kurs və dərnəklərin gec saatlara qədər davam etməsi uşağın gündəlik rejiminə mənfi təsir göstərə bilər. Bu səbəbdən həftə ərzində istirahət üçün tam boş günün saxlanılması tövsiyə olunur.
Qlaqolanın fikrincə, uşağa qarşı həddindən artıq tələbkarlıq və dərslərdə mükəmməllik gözləntisi də düzgün yanaşma deyil. Uşağın yüksək nəticələr göstərə bilməməsinin yaş və fizioloji xüsusiyyətlərlə bağlı ola biləcəyi nəzərə alınmalıdır.
Mütəxəssis valideynləri hiper nəzarətdən də uzaq durmağa çağırıb. Uşağın gün ərzində baş verən hər hadisə barədə daim hesabat verməsini tələb etmək onun üzərində əlavə təzyiq yarada bilər.
Psixoloq həmçinin uşağın tərbiyəsində günahkarlıq hissindən istifadə edilməsinin və məktəbdəki nəticələrin uşağın şəxsiyyəti ilə əlaqələndirilməsinin düzgün olmadığını vurğulayıb.
Onun sözlərinə görə, uşağa “yaxşı oxuyursansa, deməli, yaxşısan” kimi yanaşmanın aşılanması da arzuolunmazdır.
Qlaqola hesab edir ki, valideynlərin dəstəyi uşağın yalnız akademik göstəricilərinə deyil, onun emosional vəziyyətinə və məktəbə uyğunlaşma prosesinə də yönəlməlidir.


