Şou-biznes Özəl

"Survivor"da ayağını itirən gənc Acundan 100 min tələb edir

Survivorda ayağını itirən gənc Acundan 100 min tələb edir

“Survivor Yunanıstan”ın iştirakçısı Stavros Floros Dominikan Respublikasında baş verən qayıq qəzasından sonra Acun Ilıcalı, onun “AcunMedya” şirkəti və yarışmanın yayımçısı SKAI TV-yə qarşı 100 milyon dollardan çox təzminat iddiası qaldırıb.

Yarışmanın 13-cü mövsümündə iştirak edən 22 yaşlı Floros qəzanın Dominikan Respublikasının Bayahibe bölgəsi yaxınlığında açıq dənizdə balıq ovu zamanı baş verdiyini bildirib.

Onun sözlərinə görə, tur qayığının pərvanəsi ilə bağlı qəza nəticəsində ağır xəsarət alıb və sol ayağını itirib. Floros hadisəyə görə proqramın prodüserlərini səhlənkarlıqda ittiham edib.

İddia ərizəsində yarışma formatının açıq dənizdə balıq ovunu nəzərdə tutduğu, lakin iştirakçıların təhlükəsizlik tədbirləri kifayət qədər təmin edilmədən dənizə çıxarıldığı iddia olunur.

Floros həmin ərazidə təhlükəsizlik qayıqları, müşahidə məntəqələri, qorunan zonalar və xəbərdarlıq nişanlarının olmadığını bildirib.

O, həmçinin həmin sularda əvvəllər də oxşar hadisələrin baş verdiyini və ölüm faktının qeydə alındığını iddia edib.

Qəzanın may ayında baş verdiyi bildirilir. Floros daha sonra tibbi yardım üçün Mayamidəki xəstəxanaya aparılıb. İki ay davam edən müalicə müddətində sol ayağının amputasiyası ilə yanaşı, sağ ayağındakı ağır xəsarətlərlə bağlı da bir sıra əməliyyat keçirib.

Məhkəməyə təqdim edilən iddiada 100 milyon dollardan artıq təzminat tələbinə fiziki ağrı, psixoloji zərər və həyat keyfiyyətinin aşağı düşməsi ilə bağlı kompensasiyaların da daxil olduğu qeyd edilir.

“AcunMedya” isə qəzanın yarış iştirakçısının nizə ilə balıq tutduğu zaman baş verdiyini, lakin hadisənin yarış prosesinin bir hissəsi olmadığını açıqlayıb. Şirkət Florosa dərhal tibbi yardım göstərildiyini və onun xəstəxanaya çatdırılmasının təmin edildiyini bildirib.

SKAI TV də hadisədən sonra “Survivor Yunanıstan”ın yayımını dayandırıb. Kanal istehsal prosesinin tam şəkildə “AcunMedya”nın nəzarəti və məsuliyyəti altında olduğunu açıqlayıb. Yayımçı həmçinin Florosun müalicə və reabilitasiya prosesini yaxından izlədiyini və ona mümkün dəstəyi göstərəcəyini bildirib.

Demokrat.az

D
demokrat.az