Sosial Özəl

Dərslər başlayır, tıxaca çarə olaraq nə etmək olar? — Açıqlama

Dərslər başlayır, tıxaca çarə olaraq nə etmək olar? — Açıqlama

Yeni tədris ilinin başlaması ilə Bakıda nəqliyyat sıxlığının daha da artacağı gözlənilir. Xüsusilə səhər və axşam saatlarında yolların yüklənməsinin qarşısının alınması üçün alternativ nəqliyyat vasitələrinə maraq da artır.

Bu problemin azaldılmasında elektrikli skuterlər və digər mikromobillik vasitələri nə dərəcədə effektiv alternativ ola bilər? Bunun üçün paytaxtda mövcud infrastruktur kifayət edirmi?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Razil Nağıyev bildirib ki, yeni tədris ili ilə əlaqədar Bakıda nəqliyyat sıxlığının artacağı gözlənilir.

Onun sözlərinə görə, elektrikli skuterlər və digər mikromobillik vasitələri şəhər nəqliyyatında yaranan yükün azaldılmasına müəyyən dərəcədə kömək edə bilər:

“Lakin mikromobillik vasitələrini avtomobil və ictimai nəqliyyatın tam alternativi kimi deyil, əsasən qısa məsafələr üçün tamamlayıcı nəqliyyat vasitəsi kimi qiymətləndirmək daha məqsədəuyğundur.

Hazırda Bakıda mikromobillik infrastrukturu sürətlə inkişaf edir. 2026-cı ilin iyuluna olan məlumata görə, paytaxtda mikromobillik zolaqlarının ümumi uzunluğu 66,6 kilometrə çatıb və 2025–2030-cu illər Dövlət Proqramı çərçivəsində bu göstəricinin 100 kilometrə çatdırılması planlaşdırılır. Eyni zamanda, mikromobillik vasitələrindən istifadə də əhəmiyyətli dərəcədə artıb. 2026-cı ilin ilk 7 ayında kirayə velosiped və skuterlər 2 milyon 297 min 405 dəfə sifariş olunub, istifadəçilər isə 4 milyon 918 min 839 kilometr məsafə qət ediblər. Bu göstəricilər mikromobilliyin artıq Bakıda şəhər nəqliyyat sisteminin formalaşmaqda olan elementlərindən birinə çevrildiyini göstərir.

Mikromobilliyin nəqliyyat sıxlığının azaldılmasında ən böyük potensialı 2–5 kilometr məsafədə həyata keçirilən şəhərdaxili səfərlərdədir. Xüsusilə yaşayış məntəqələrindən metro stansiyalarına, metro stansiyalarından universitet və məktəblərə, eləcə də evdən iş yerlərinə olan qısa məsafələrdə skuterlər avtomobillərdən istifadənin azalmasına kömək edə bilər. Əgər vətəndaş bu məsafəni avtomobillə deyil, skuter və ya velosipedlə qət edirsə, nəticədə yol şəbəkəsində bir avtomobil səfəri azala bilər və parklanma ilə bağlı əlavə yük də azala bilər.

Ekspert əlavə edib ki, Avropa təcrübəsi göstərir ki, mikromobilliyin effektivliyi təhlükəsiz və əlaqəli infrastrukturun yaradılması, ictimai nəqliyyatla inteqrasiya və düzgün parklanma sistemindən asılıdır:

“Avropa şəhərlərində elektrikli skuterlər və velosipedlər əsasən ictimai nəqliyyatı tamamlayan vasitə kimi tətbiq olunur. Bu yanaşmanın əsas məqsədi qısa məsafələrdə şəxsi avtomobillərdən istifadəni azaltmaq və şəhər nəqliyyatının yükünü yüngülləşdirməkdir.

Mövcud infrastruktura gəldikdə isə, Bakıda müəyyən imkanlar artıq yaradılıb. Lakin burada əsas məsələ yalnız mikromobillik zolaqlarının ümumi uzunluğu deyil, onların vahid və təhlükəsiz şəbəkə təşkil etməsidir. Zolaqların bir-birindən ayrı hissələr şəklində olması istifadəçilərin təhlükəsiz və rahat hərəkət imkanlarını məhdudlaşdıra bilər. Buna görə də mikromobillik zolaqlarının metro stansiyaları, avtobus dayanacaqları, məktəblər, universitetlər və əsas yaşayış əraziləri ilə əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Yeni tədris ili ilə əlaqədar ən effektiv yanaşmalardan biri “skuter + ictimai nəqliyyat” modelinin inkişaf etdirilməsi ola bilər. Məsələn, vətəndaş yaşayış yerindən metro stansiyasına skuter vasitəsilə gedə, daha sonra metro ilə əsas istiqamət üzrə hərəkət edə və son məsafəni yenidən mikromobillik vasitəsilə qət edə bilər. Bu model həm ictimai nəqliyyatın əhatə dairəsini genişləndirir, həm də şəxsi avtomobillərdən asılılığı azalda bilər.

Mikromobillik vasitələrinin şəhər nəqliyyatında uğurlu tətbiqi sadəcə skuter və velosipedlərin sayının artırılması ilə mümkün deyil. Bunun üçün təhlükəsiz infrastruktur, düzgün parklanma sistemi, effektiv tənzimləmə və ictimai nəqliyyatla inteqrasiya vacibdir. Bakı üçün də əsas istiqamət mikromobilliyi avtobus və metroya alternativ deyil, onları tamamlayan və xüsusilə qısa məsafələrdə şəxsi avtomobildən istifadənin azalmasına xidmət edən nəqliyyat vasitələri kimi inkişaf etdirmək olmalıdır”, – deyə ekspert fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az