TRT-nin məşhur serialı “Teşkilat” 7-ci mövsüm öncəsi heyətində baş verən gözlənilməz dəyişikliklə gündəmə gəlib. Yeni mövsüm üçün bir sıra tanınmış aktyorları heyətinə cəlb edən ekran işində Serhat Kılıçla bağlı planlar isə gözlənilmədən dəyişib.
Serialın yeni mövsümündə rol alacağı açıqlanan Serhat Kılıç çəkilişlərə başlamadan layihədən ayrılıb. Aktyorun seriala vida etməsinin səbəbi isə səhhəti ilə bağlıdır.
Türkiyə mətbuatında yayılan məlumata görə, Serhat Kılıç sentyabrın 4-də başlaması nəzərdə tutulan çəkilişlərə sağlamlıq problemi səbəbindən qoşula bilməyib.
Aparılan tibbi müayinədən sonra aktyora boyun yırtığı diaqnozu qoyulub. Həkimi Kılıça müəyyən müddət ərzində xüsusilə aksiyon səhnələrində iştirak etməməyi tövsiyə edib.
Məlumata görə, aktyorun təxminən üç həftə fizioterapiya müalicəsi alması planlaşdırılır. Sağlamlıq vəziyyətinə görə çəkilişlərdə iştirak edə bilməyən Serhat Kılıçın “Teşkilat” serialındakı rolu da beləliklə reallaşmayıb. Demokrat.az


