"The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatı 2027-ci ilə qədər davam edə bilər. Nəşrin məlumatına görə, Pentaqon rəhbəri Pit Heqset ABŞ hərbçilərinin Yaxın Şərqdə yerləşdirilmə müddətini qeyri-rəsmi şəkildə uzadır və İrana qarşı əməliyyatın bu il başa çatmaya biləcəyini nəzərə alır.
Bu, bölgə üçün hansı nəticələrə səbəb ola bilər? Qarşıdurmasının uzanması digər ölkələrin də münaqişəyə cəlb olunmasına səbəb ola bilərmi?
Politoloq Oqtay Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, ABŞ və İran arasında savaşın bu il bitməyəcəyi aydındır:

"Belə ki, tərəflər bu il ərzində savaşsalar da, buna paralel olaraq diplomatiya işləsə və müəyyən razılaşmalar əldə olunsa da, bütövlükdə problem öz həllini tapmayıb. İran Amerikanın tələblərini qəbul etməyib, özünün nüvə proqramından imtina etməyib, Hürmüz boğazı ilə bağlı güzəştə getmir. Yəni bir çox məsələlər var ki, Amerika ilə İran bu məsələdə tərs düşür. O cümlədən, İran regional proksi qüvvələrinə dəstəyi də dayandırmayıb. Bu səbəbdən ABŞ və İran arasında gərginlik davam edəcək. Hazırda İrana qarşı iqtisadi blokada və iqtisadi sanksiyaların sərtləşdirilməsi fonunda münaqişə davam etməkdədir. Ara-sıra Amerika Birləşmiş Ştatları İran ərazisinə də zərbələr endirir. Bunu da onunla əsaslandırırlar ki, Körfəz ətrafında İranın hərbi mövqelərini gücləndirməsi Hörmüz boğazında problemləri artırır və bunun üçün preventiv tədbirlər görülür".
Oqtay Qasımovun sözlərinə görə, gələcəkdə bu münaqişənin uzanması, Yaxın Şərq bölgəsində eskalasiyanın qalması anlamına gəlir ki, bu da ümumən dünyada gərginlik ocaqlarından birinin davamı deməkdir:
"Elə bir mühüm coğrafiyadan söhbət gedir ki, bu, dünya iqtisadiyyatına və enerji bazarına olduqca ciddi təsir edir. Yaxın perspektivdə genişmiqyaslı savaş yenidən olsun. Amma uzaq perspektivdə bu mümkündür. Bu prosesə qoşulan ölkələrə gəldikdə isə, bunu indidən söyləmək çətindir. Çünki Avropa ölkələri, Amerikanın ənənəvi müttəfiqləri bu məsələdə, eləcə də NATO kifayət qədər çəkingən davranıb. Baxmayaraq ki, Ankara zirvə toplantısında NATO-nun yekun qətnaməsində İranla bağlı müddəalar da yer almışdır və İrandan həm nüvə proqramından imtina etmək tələb olunurdu, eyni zamanda Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunması istənilirdi. Bu məsələlərdə bu və ya digər şəkildə Amerikaya dəstək verilə bilər. Amma geniş koalisiya şəklində İranla savaş, açıqcası, bu günə baxdığımızda real görünmür".


