Süni intellektdən iş yerlərində istifadə son iki ildə iki dəfə artaraq 21 faizdən 40 faizə yüksəlib. İT sektorunda isə bu göstərici 76 faizdir. Xüsusilə Z nəslinin nümayəndələri süni intellektə daha çox müraciət edir. Bu isə şirkətlər qarşısında iş proseslərini yeni texnologiyalara uyğunlaşdırmaq məsələsini aktuallaşdırır.
Şirkətlər süni intellektin iş proseslərinə sürətli inteqrasiyasına necə uyğunlaşmalıdır və bu, əməkdaşların iş prinsiplərini necə dəyişəcək?
"Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev Demokrat.az-a açıqlamasında bildirib ki, son iki ildə iş yerlərində süni intellektin istifadəsi iki dəfə artaraq 40%-ə yüksəlib:

"İT sektorunda isə bu rəqəm 76%-dir. Xüsusilə Z nəslinin bu prosesdə liderlik etməsi göstərir ki, iş dünyasında köklü dəyişikliklər artıq qaçılmazdır. Süni intellektin iş proseslərinə sürətli inteqrasiyası artıq seçim deyil, strateji zərurətdir. Şirkətlər bu dalğadan uğurla çıxmaq üçün üç əsas addım atmalıdır. Şirkətlər əməkdaşlarına açıq Sİ modellərindən, məsələn, “ChatGPT”nin pulsuz versiyasından istifadə etmək əvəzinə, şirkət məlumatlarını qoruyan “Korporativ Sİ” həlləri təqdim etməlidirlər. Sadəcə texnologiyanı əldə etmək kifayət deyil. İşçilərə Sİ-yə düzgün tapşırıq vermək, yəni düzgün “prompt” hazırlamaq kimi yeni bacarıqlar öyrədilməlidir. Sİ-ni köhnə iş sistemlərinə sadəcə yapışdırmaq olmaz. Şirkətlər iş axınlarını Sİ-nin imkanlarından maksimum yararlanacaq şəkildə yenidən dizayn etməlidirlər".
Mütəxəssis əlavə edib ki, Sİ işinizi birbaşa əlinizdən almayacaq, lakin işi görmə tərzinizi kökündən dəyişəcək.
"Artıq işçinin rolu icraçıdan nəzarətçiyə çevrilir. Əvvəllər saatlarla hesabat yazan və ya kod hazırlayan əməkdaş indi Sİ-yə tapşırıq verən, onun hazırladığı nəticəni yoxlayan, redaktə edən və təsdiqləyən şəxsə çevrilir. Süni intellekt səhv edə bilər. Buna görə də əməkdaşın ən böyük üstünlüyü Sİ-nin verdiyi məlumatı kor-koranə qəbul etmək deyil, onu yoxlamaq olacaq. Sİ rəqəmləri və məlumatları yüksək sürətlə emal edə bilər, lakin empatiya, liderlik, strateji qərarvermə və yaradıcılıq hələ də insanın üstün olduğu sahələrdir. Gələcəkdə daha dəyərli olacaq şəxslər texniki bacarıqlarını bu insani faktorlarla birləşdirə bilənlərdir",- deyə o bildirib.


