Texnologiya Özəl

Telefonunuz cibdəykən 5 faizə qədər enerji itirə bilər — Bu funksiyanı söndürün

Telefonunuz cibdəykən 5 faizə qədər enerji itirə bilər — Bu funksiyanı söndürün

Smartfonun istifadə olunmadığı halda belə sürətlə enerji itirməsinin səbəblərindən biri ekranın təsadüfi toxunuşlar nəticəsində tez-tez aktivləşməsi ola bilər. Xüsusilə telefon cibdə və ya çantada olduqda bu problem daha çox müşahidə edilir.

Demokrat.az xəbər verir ki, “Android Police” nəşrinin müəllifi də oxşar problemlə üzləşib. Batareyanın sərfiyyatını azaltmaq üçün müxtəlif üsulları sınasa da, telefonun ekranının gözləniləndən daha uzun müddət aktiv qaldığını görüb. Problemin səbəbinin “Tap to Wake” funksiyası olduğu müəyyənləşdirilib.

Bu funksiya istifadəçiyə ekrana toxunmaqla, düyməyə basmadan telefonu oyatmağa imkan verir. Rahat olsa da, telefon cibdə olduqda təsadüfi toxunuşlar ekranın dəfələrlə aktivləşməsinə səbəb ola bilər.

Ekranın təsadüfi aktivləşməsi enerjini azaldır

Müasir smartfonlarda təsadüfi toxunuşların qarşısını almaq üçün yaxınlıq sensorları və xüsusi proqram təminatından istifadə edilir. Lakin bu sistemlər hər zaman mükəmməl işləməyə bilər.

Xüsusilə nazik parçadan hazırlanmış və geniş ciblərdə telefon daha çox hərəkət etdiyindən ekranın təsadüfən aktivləşməsi ehtimalı artır. Hər bir aktivləşmə çox enerji sərf etməsə də, ekran gün ərzində onlarla dəfə işə düşdükdə ümumi batareya sərfiyyatı nəzərəçarpacaq həddə çata bilər.

Bundan başqa, sensor ekran və ekrandaxili barmaq izi skaneri də əlavə enerji sərf edə bilər. Təsadüfi toxunuşlar bəzi hallarda fənərin və ya multimedia idarəetmələrinin də işə düşməsinə səbəb ola bilər.

Məqalə müəllifinin müşahidələrinə görə, “Tap to Wake” funksiyasının tamamilə söndürülməsindən sonra smartfon sutka ərzində təxminən 3–5 faiz daha çox enerji saxlamağa başlayıb.

Bu göstərici böyük görünməsə də, gün ərzində telefonunu aktiv istifadə edən və yanında powerbank olmayan şəxslər üçün bir neçə faiz əlavə enerji belə faydalı ola bilər.

Funksiyanı necə söndürmək olar?

“Tap to Wake” və ya ona bənzər funksiyanın adı və parametrlərdə yerləşdiyi bölmə smartfonun istehsalçısından asılı olaraq dəyişir.

* Google Pixel: “Parametrlər” → “Ekran” bölməsinə daxil olaraq “Telefonu yoxlamaq üçün toxun” (“Tap to check phone”) funksiyasını söndürmək mümkündür. Eyni bölmədə “Telefonu yoxlamaq üçün qaldır” funksiyasını da deaktiv etmək olar. * OnePlus: “Parametrlər” → “Kilid ekranı” bölməsində “Double tap to wake” seçimini söndürmək mümkündür. Bundan əlavə, təsadüfi toxunuşların qarşısını almaq üçün cib rejimi ilə bağlı qoruma funksiyasını aktivləşdirmək tövsiyə olunur. * Samsung Galaxy: “Parametrlər” → “Düymələr və jestlər” bölməsindən “Double tap to wake” funksiyasını deaktiv etmək olar. * Digər Android telefonları: Parametrlər bölməsində axtarışdan istifadə edərək “toxunma”, “jest” və ya “oyatma” sözlərini yazmaq kifayətdir.

Funksiyanı söndürdükdən sonra telefonun ekranını aktivləşdirmək üçün adətən yan düymədən istifadə etmək lazım gələcək.

Funksiyanı tamamilə söndürmək vacibdirmi?

Mütəxəssislərə görə, “Tap to Wake” funksiyasını bütün hallarda deaktiv etmək vacib deyil. Əgər telefon cibdə olduğunu düzgün müəyyənləşdirir və ekranın təsadüfi aktivləşməsinin qarşısını alırsa, bu funksiyanın söndürülməsi ciddi fərq yaratmaya bilər.

Lakin telefon cibdə olarkən ekranın tez-tez yanması, cihazın səbəbsiz yerə isinməsi və batareyanın əvvəlkindən daha sürətli tükənməsi müşahidə olunursa, “Tap to Wake” funksiyasını söndürmək sadə və effektiv üsul ola bilər.

Bu funksiyanın əsas üstünlüyü isə ekranı düyməyə basmadan sürətlə yoxlamaq imkanıdır. Buna görə istifadəçilər onu evdə və ya iş yerində aktiv saxlaya, uzun gəzinti və səfərlər zamanı isə deaktiv edə bilərlər.

Jalə Demokrat.az

D
demokrat.az