İnfrastruktur Özəl

Yolların çökməsinin qarşısını necə almaq olar? — AÇIQLAMA

Yolların çökməsinin qarşısını necə almaq olar? — AÇIQLAMA

Abşeron rayonunun Xırdalan-Novxanı istiqamətində yolun sağ hissəsinin çökməsi nəqliyyatın hərəkətində ciddi çətinlik yaradıb. Sürücülərin çökən hissədən yayınaraq qarşı zolağa çıxması nəticəsində ərazidə uzunmüddətli tıxac yaranıb. Hadisə yol infrastrukturunun vəziyyəti və belə problemlərin yaranma səbəbləri ilə bağlı sualları yenidən gündəmə gətirib.

Yolun çökməsinin əsas səbəbi nə ola bilər və belə halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, yolların istismar vəziyyəti ilə bağlı tələblər, standartlar və normativlər var.

Yolların çökməsinin qarşısını necə almaq olar? — AÇIQLAMA
"Yolun həmin standartlara, normativlərə və tələblərə uyğunluğunu yolun sahibi təmin etməlidir. çökmüş yol Xırdalan-Novxanı yoludur, təxminən belədir. Abşeron rayonunun daxili yoludur, rayon daxilində olan yerli əhəmiyyətli yoldur. O, Abşeron Rayon İcra Hakimiyyətinin balansındadır. Həmin yolun sahibləri bu yolun norma, standart və normativ tələblərə uyğunluğunu təmin etməlidirlər. Bunun üçün də, yol keyfiyyətli çəkilməlidir. Yolda hansısa kommunikasiyaların dəyişdirilməsi ilə bağlı təmir-bərpa işləri görülürsə, həmin işlər də lazımi keyfiyyətdə icra olunmalıdır. İş bitdikdən sonra həmin yol əvvəlki istismara yararlı vəziyyətinə qaytarılmalıdır, ondan sonra rahat şəkildə istismara verilməlidir. Bundan sonra da yollar monitorinq edilməli, vaxtaşırı nəzarət həyata keçirilməlidir".

Onun sözlərinə görə, əgər yollarda nəqliyyat və insanların hərəkəti varsa, həmin yollar standartlara və tələblərə uyğun olmalıdır.

"Monitorinq odur ki, həm yolun balanssaxlayanı özü baxış keçirməlidir, həm də belə yerlərlə bağlı siqnal daxil olduqda, orada müəyyən deformasiyalar və problemlər varsa, dərhal müdaxilə edib cari təmirlə problemi aradan qaldırmalıdırlar. Çünki yol çox mühüm əhəmiyyətə malik olan bir xidmətdir. Yoldan istifadə də cəmiyyətə göstərilən xidmətdir və bu xidmət lazımi keyfiyyətdə göstərilməlidir. Əks təqdirdə, belə problemlər yaranır, insanlar vaxt itirirlər, əziyyət çəkirlər, yol-nəqliyyat hadisələri baş verir. Bütün bunlar arzuolunmaz hallardır", – deyə Ərşad Hüseynov fikrini tamamlayıb.

Nuray Paşşanlı Demokrat.az

D
demokrat.az