Sentyabr ayının başlaması ilə balıq mövsümünün də aktivləşdiyi dövrə qədəm qoyulur. Ənənəvi olaraqsoyuq aylarda balıq və dəniz məhsullarına tələbat artır. Bu isə bazarda qiymət dəyişikliklərinin olub-olmayacağı müzakirələrə səbəb olur.
Balıq mövsümünün başlaması dəniz məhsullarının qiymətlərinə təsir edəcəkmi, yaxın aylarda qiymət artımı gözlənilirmi?
İqtisadçı Emin Qəribli Demokrat.az-a açıqlamasında qeyd edib ki, biz ənənəvi olaraq balıq sənayesi üzrə ixtisaslaşmış ölkələrdən biriyik:

“Hətta Sovet dövründə, bu sahədə geniş təsərrüfatlar fəaliyyət göstərib. İndi də balıqçılıq və balıq sənayesinin inkişafı üçün kifayət qədər imkanlarımız var. Buna baxmayaraq, yaxınlarda bu sahə ilə bağlı dövlət proqramının qəbul edildiyini və balıqçılığın inkişaf etdirilməsinə ehtiyac olduğunu görürük. Çünki bizim dənizimiz, çaylarımız var. Belə bir dənizin olması özü böyük üstünlükdür. Ərazimiz də kifayət qədər genişdir. Ona görə də bu sənayeni inkişaf etdirmək lazımdır. Burada müvafiq sertifikatlaşdırma və qaydalara yenidən baxılmalıdır. Balıq məhsullarını dünya standartlarına uyğun şəkildə istehsal etmək və gələcəkdə ixrac etmək mümkündür. Ən azından dövlət proqramı da bizə bunu göstərir. Ona görə hesab edirəm ki, Azərbaycanda bu sahənin kifayət qədər perspektivi var”.
Emin Qəribli bildirib ki, artıq balıq məhsullarında müəyyən qiymət artımı müşahidə olunur:
“İstehsalda müəyyən artım olsa da, tələbat da artıb və hazırkı istehsal həcmi tələbatı tam ödəmir. Ümumiyyətlə, bütün dünyada qida məhsullarının qiymətlərində artım var. Lakin bu artım ayrı-ayrı məhsullar üzrə fərqlənir. Məsələn, ən çox buğda məhsullarının qiymətlərinin artdığını görürük. Heyvanlar da bu məhsullardan, o cümlədən arpa və digər yem məhsullarından qidalandığı üçün bu, digər ət məhsullarının qiymətinə də təsir göstərir. Bizdə də, xüsusilə ət məhsullarında gördüyümüz kimi, tələbat artdıqca qiymətlərə müəyyən təsir olur. Buna mövsüm amili var, toylar başlayır, payız aylarıdır. Təbii ki, bunlar da müəyyən dərəcədə qiymət artımına səbəb ola bilər. Amma kəskin qiymət artımının olacağına inanmıram. Çünki bu halda xarici bazarlardan məhsul idxal etməklə tələbatı ödəmək mümkündür. Hətta kifayət qədər ucuz balıq növləri də var. Sadəcə olaraq, istərdik ki, öz bazarımız, yerli istehsalçılarımız daha da inkişaf etsin”.


