Avto Özəl

"Rəsmi dilerlər maşın sata bilmirlər" — Avtomobil bazarında yeni problem

Rəsmi dilerlər maşın sata bilmirlər — Avtomobil bazarında yeni problem

Çin avtomobilləri qısa müddətdə Azərbaycan bazarında ənənəvi markalara ciddi rəqibə çevrilib.

Son illərdə "Changan", BYD, "Chery", "Geely" və digər Çin markalarının ölkə yollarında sayının artması avtomobil bazarında rəqabətin istiqamətini dəyişir. Məsələn, 2025-ci ilin məlumatlarına əsasən, Azərbaycanda istifadə olunan Çin mənşəli avtomobillər arasında "Changan", BYD, "Chery", "Geely" və "Haval" öndə olub.

Qiymət üstünlüyü ilə yanaşı, Çin istehsalçılarının texnoloji imkanları, hibrid və elektrik modellərinin çeşidi, zəngin komplektasiyası və yeni modelləri daha sürətli bazara çıxarması da alıcıların seçimlərinə təsir edən amillər sırasında göstərilir.

Bəs Çin avtomobillərinin sürətlə populyarlaşması Azərbaycan alıcısının seçim meyarlarının dəyişdiyini göstərir, yoxsa əsas amil yenə də qiymətdir? Ənənəvi avtomobil markaları Çin istehsalçıları ilə rəqabətdə niyə mövqelərini itirirlər və bu tendensiya gələcəkdə Azərbaycan avtomobil bazarında hansı dəyişikliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Çindən qeyri-rəsmi, yəni nümayəndəliyi olmayan və istehsalçının zəmanəti olmayan maşınları gətirmək və satmaq sərfəli bir biznesə çevrilib.

Rəsmi dilerlər maşın sata bilmirlər — Avtomobil bazarında yeni problem

Onun sözlərinə görə, hətta avtomobil alqı-satqısı ilə məşğul olmayan insanlar, başqa peşə sahibləri belə indi Çindən həmin maşınları, hətta işlənmiş avtomobilləri alıb gətirərək Azərbaycanda yeni avtomobil adı ilə sata bilirlər və bu avtomobillərin heç bir istehsalçı zəmanəti yoxdur.

"O avtomobildə hansı istehsalçı və zavod qüsurlarının olması da məlum deyil. Həmin avtomobillər gətirilib ucuz təklif olunur. Amma daha sonra müştəri, yəni bu avtomobili alan şəxs, tələyə düşür. Belə zəmanəti olmayan avtomobili alır. Avtomobildə müəyyən nasazlıq yarandıqdan sonra onun ehtiyat hissəsi, demək olar ki, avtomobilin ümumi qiymətinin 20-30 faizi qədər məbləğdə təklif olunur. Məsələn, ənənəvi avtomobili aldıqdan sonra siz üç il ərzində onun ehtiyat hissələrinə müəyyən qədər xərc çəkirsiniz. Amma bu zəmanəti olmayan avtomobili gətirib sizə satırlar, alırsınız, amma ehtiyat hissəsini tapa bilmirsiniz və ehtiyat hissəsi həddindən artıq baha başa gəlir. Bu, artıq belə bir sxemə çevrilib. Vətəndaşlarımız, təəssüf ki, aldanır. Düşünürəm ki, müvafiq qurumlar vətəndaşların, istehlakçıların hüquqlarını qorumalıdır. İstehsalçı zəmanəti olmayan, qeyri-rəsmi gətirilən maşınlar ölkəmizdə fəaliyyət göstərən, rəsmi vergi ödəyiciləri olan, rəsmi nümayəndəliyi fəaliyyət göstərən diler və distribyutorlara çox böyük ziyan vurur. Yəni onlar avtomobil sata bilmirlər. Çünki onlar zəmanətlə avtomobil satırlar, istehsalçıya bağlıdırlar və qiymət burada fərqlidir. Amma istehsalçı zəmanəti olmayan eyni model avtomobili gətirib burada ucuz satanlar da var. Onlar, demək olar ki, heç bir şirkət saxlamırlar, avtomobilləri fərdi qaydada satırlar. Şirkət də avtomobilləri sata bilmədiyinə görə müflis olur və nəticədə dövlət büdcəsinə vergi ödəyə bilmir. Hətta ixtisarlar da olur. Belə avtomobilləri Yaponiya, Avropa və Amerika istehsalı avtomobillərdən üstün tutmaq bir qədər düzgün olmaz. Bu, artıq seqmentə bağlıdır. Bu, avtomobil modelindən və onun seqmentindən asılı olan məsələdir", - deyə o, əlavə edib.

Ekspert əlavə edib ki, burada böyük reklam kampaniyası və əvvəlcədən təşkil olunmuş bir sxem əsasında bu avtomobillərin satışı təşkil olunur.

"Ölkəmizdə rəsmi nümayəndəliyi olan və Çin avtomobilləri satan mərkəzlərimiz də var. Onlar avtomobili satanda zəmanətlə satırlar. Məsələn, hər hansı bir problem çıxdıqda həmin rəsmi mərkəz o problemi öz hesabına həll edir, ehtiyat hissələri ilə təmin edir. Yəni burada heç bir problem yoxdur. Ona görə mən avtomobilləri belə bölməzdim ki, bu avtomobil harada istehsal olunub – Çində, Hindistanda, yoxsa Avropada. Əsas odur ki, bu avtomobil hansı bazar üçün istehsal olunub və onun istehsalçı zəmanəti varmı. İstehsalçı bu avtomobili satanda zəmanət verib, yoxsa yox? Zəmanəti yoxdursa, artıq bu şübhəlidir. Yəni zəmanət burada bir gün, iki gün yox, ən azı 3–5 il müddətinə verilməlidir", - deyə Eldəniz Cəfərov fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az