Azərbaycandan Qırğızıstana ixracın bir il ərzində dəfələrlə artması Mərkəzi Asiya bazarlarına çıxış baxımından diqqət çəkən göstəricilərdən biridir. Lakin ixracdakı bu yüksək artım tempinə baxmayaraq, Qırğızıstanın Azərbaycanın ümumi ixracında payının cəmi 0,16 faiz olması rəqəmin iqtisadi əhəmiyyətini də müzakirə mövzusuna çevirir.
Bu artımı Azərbaycanın ixrac coğrafiyasının şaxələndirilməsi baxımından nə dərəcədə əhəmiyyətli hesab etmək olar? Azərbaycan Mərkəzi Asiya bazarlarında mövqeyini gücləndirmək üçün hansı məhsulların ixracını artırmalıdır və hazırda bu istiqamətdə əsas maneələr nələrdir?
Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında ticarət əlaqələrində artımlar müşahidə olunur.
Onun sözlərinə görə, təbii ki, Azərbaycanın Mərkəzi Asiyada ən böyük ticarət tərəfdaşları Özbəkistan və Qazaxıstandır.
"Amma eyni zamanda, Qırğızıstanla iki ölkə arasında ticarət dövriyyəsində artımlar qeydə alınmaqdadır. Sözsüz, potensial daha böyükdür və mövcud potensialdan istifadə edilməsi olduqca vacibdir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğızıstana səfəri, keçirilən görüşlər və müzakirə edilən məsələlər iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişlənməsinə xidmət edəcək. Artıq Birgə İnvestisiya Fondu var və bu fond çərçivəsində investisiya layihələrinə sərmayə qoyuluşu həyata keçirilir. Bu da, təbii ki, qarşılıqlı olaraq ölkələrin sərmayə qoyuluşlarından faydalanmasına imkan yaradır. Qırğızıstan Azərbaycan üçün cəlbedici bazarlardan birinə çevrilə bilər. Çünki sözsüz ki, qeyri-neft məhsullarının Qırğızıstana ixrac imkanları yüksək qiymətləndirilir. Eyni zamanda, Qırğızıstanda alıcılıq qabiliyyətinin də artdığı müşahidə olunur. Bu da ölkədə idxalı daha cəlbedici edir. Bu kontekstdə Azərbaycanın istehsalı olan qeyri-neft-qaz məhsullarının, xüsusilə bir sıra qida və sənaye məhsullarının Qırğızıstan bazarına çıxarılması üçün imkanlar var. Statistikaya baxsaq, Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsində kənd təsərrüfatı məhsullarının, o cümlədən şəkərin payında artımlar var. Bu da deməkdir ki, Mərkəzi Asiya, o cümlədən Qırğızıstan Azərbaycanın bir sıra kənd təsərrüfatı və qida məhsullarının ixracı baxımından vacib istiqamətlərdən birinə çevrilə bilər. O baxımdan potensial böyükdür və cənab Prezidentin səfəri də bu potensialdan daha səmərəli istifadəyə imkan yaradacaq”, - deyə deputat fikrini tamamlayıb.


