Sağlamlıq Özəl

Mövsüm xəstəlikləri ilə bağlı 4 təhlükəli səhv — İnfeksionist xəbərdarlıq etdi

Mövsüm xəstəlikləri ilə bağlı 4 təhlükəli səhv — İnfeksionist xəbərdarlıq etdi

Havaların dəyişməsi ilə mövsümi xəstəliklərlə bağlı müraciətlər də artır. Temperaturun kəskin dəyişməsi və insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi respirator infeksiyaların yayılma riskini artırmaqla yanaşı, allergik reaksiyaların və bəzi xroniki xəstəliklərin əlamətlərinin kəskinləşməsinə də səbəb ola bilər.

Lakin bir çox insan yaranan simptomları adi “mövsüm xəstəliyi” kimi qiymətləndirərək həkimə müraciət etmək əvəzinə özbaşına dərman qəbul edir. Bəs bu yanaşma hansı fəsadlara səbəb ola bilər? Mövsüm dəyişikliyi zamanı insanlar ən çox hansı sağlamlıq səhvlərinə yol verirlər və hansı əlamətlərə ciddi yanaşmaq lazımdır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında pediatr-infeksionist Aytən Ziyadova bildirib ki, mövsüm dəyişikliyi zamanı xəstəliklərin artması və insanların bu dövrdə yol verdiyi səhvlər diqqət yetirilməli məsələlərdəndir.

Onun sözlərinə görə, infeksionist kimi hər gün qəbul zamanı bu yanlışlıqların nəticələri ilə qarşılaşır.

"Mövsüm dəyişikliyi ilə bağlı müşahidə olunan xəstəlik artışı təsadüfi proses deyil. Temperatur fərqləri, rütubətin dəyişməsi, gün işığının azalması bütün bunlar insan orqanizminə təsir göstərir və nəticədə respirator virusların yayılması üçün əlverişli şərait yarana bilər. Bu, tibbi baxımdan izah olunan bir hadisədir. Amma məni narahat edən başqa bir məqam insanların bu vəziyyətə münasibətidir. Çoxları burun axmasını, öskürəyi, yüngül hərarəti “adi mövsüm xəstəliyi” adlandırıb özbaşına dərman qəbuluna başlayır. Və burada bir neçə ciddi problemlə üzləşirik. Birinci və ən böyük problem antibiotiklərin nəzarətsiz istifadəsidir. Respirator xəstəliklərin böyük əksəriyyəti virus mənşəlidir, antibiotiklər isə viruslara qarşı təsirsizdir. Amma insanlar evdə qalan antibiotikləri özbaşına qəbul edirlər. Bunun nəticəsi nədir? Bağırsaq mikroflorasının pozulması və daha təhlükəlisi antibiotiklərə davamlılığın formalaşmasıdır. Bu o deməkdir ki, sabah, əsl ehtiyac olduğu zaman, həmin antibiotik artıq effektiv olmaya bilər. Bu, təkcə fərdi problem deyil, bütün cəmiyyətin sağlamlığına təsir edən məsələdir.

Daha sonra həkim bildirib ki, istənilən dərmanın istifadəsi həkim məsləhəti ilə olmalıdır.

"İkinci problem yüksək hərarəti dərhal aşağı salmaq cəhdidir. Hərarət orqanizmin infeksiyaya qarşı müdafiə reaksiyalarından biridir. Lakin hərarətin nə zaman və hansı üsulla aşağı salınması insanın yaşından, ümumi vəziyyətindən və yanaşı xəstəliklərindən asılıdır. Bu səbəbdən xüsusilə uşaqlarda hərarətlə bağlı dərman istifadəsi həkim məsləhəti əsasında aparılmalıdır. Üçüncü problem burun damcılarının həddindən artıq istifadəsidir. Bu preparatları tövsiyə olunan 5–7 gündən çox istifadə etdikdə, əksinə, xroniki burun tıxanıqlığına səbəb olan vəziyyət yarana bilər", -deyə pediatr-infeksionist sözlərinə əlavə edib.

Həkim qeyd edib ki, dördüncü problem xroniki xəstəliyi olan insanlarla bağlıdır.

"Xüsusilə ürək-damar xəstəlikləri, şəkərli diabet və bronxial astması olan pasiyentlər mövsüm dəyişikliyində özlərini pis hiss etdikdə əsas müalicə dozalarını özbaşına dəyişirlər. Bu, çox təhlükəli addımdır və mütləq həkim nəzarəti tələb edir. İndi isə cəmiyyətə əsas mesajımı çatdırmaq istəyirəm: hansı hallarda mütləq həkimə müraciət etmək lazımdır? Əgər hərarət 38,5 dərəcədən yuxarıdırsa və üç gündən çox davam edirsə; nəfəs darlığı və ya sinə nahiyəsində ağrı varsa; xəstəlik əvvəlcə yüngülləşib, sonra yenidən pisləşibsə bu, əlavə bakterial infeksiya və ya digər ağırlaşmanın əlaməti ola bilər. Həmçinin hamilə qadınlar, yaşlı insanlar və xroniki xəstəliyi olan şəxslərdə simptomlar yarandıqda bütün bu hallarda vaxt itirmədən mütəxəssisə müraciət olunmalıdır. Profilaktika həmişə müalicədən daha effektivdir. İsti geyinmək, balanslaşdırılmış qidalanma, kifayət qədər yuxu və D vitamini səviyyəsinə diqqət yetirmək mövsümi xəstəliklərdən qorunmaq baxımından vacib amillərdir", – deyə Aytən Ziyadova fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az