Qusar rayonunda 25 yaşlı oğlan həmyerlisinə xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qusar şəhəri, Z.Əliyeva küçəsində yerləşən N.Nərimanov adına parkda baş verib.
2001-ci il təvəllüdlü Tural Qusar şəhər sakini İzmir Nağıyevin "Tik-tok" sosial media platformasında onun ünvanına nalayiq ifadələr işlətdiyini bəhanə gətirib, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəfildən onun sifət nahiyəsinə qəsdən bir dəfə kəllə zərbəsi ilə vurub.
Turalın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, "Tik-tok" sosial şəbəkəsində asudə vaxtını keçirən zaman İzmir Nağıyev ilə aralarında səbəbsiz yerə mübahisəsi yaranıb: "Biz sosial şəbəkədə yazışma şəklində bir-birimizin ünvanına nalayiq ifadələr işlətdik. Daha sonra aramızda olan məsələni həll etmək məqsədi ilə Qusar şəhərində yerləşən N.Nərimanov adına parkda görüşdük, söhbət etdik. Bu zaman aramızda əvvəl sözlü mübahisə yarandı, İzmir Nağıyevin ünvanıma nalayiq ifadələr işlətdi. Bu zaman qardaşım Fuad İzmirin yaxasından tutaraq sakitləşməsini tələb etdi. Amma o, sakitləşmədi. Mən də əsəbləşərək bir dəfə kəllə zərbəsi ilə İzmirin sifət nahiyəsinə vurdum. Yanımızda olan Fuad və Mədətxan bizi ayırdı". Təqsirləndirilən şəxs qeyd edib ki, bundan başqa həmin vaxt parkda gəzişən tanımadığı 3-4 xanım müəllimələr onlara yaxınlaşıblar: “Daha sonra mən, qardaşım Fuad və tanışım Mədətxanla birlikdə parkdan çıxdıq və çay içmək üçün Qusar şəhər Avtovağzal dairəsi adlanan əraziyə getdik".
Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi cinayət əməlinə görə səmimi peşman olduğunu deyib.
İş üzrə zərərçəkmiş İzmirin sözlərinə görə, dostu ilə parkın içində zarafat edərək güləşiblər: "Həmin vaxt Fuad adlı şəxs bizə "niyə belə edirsiz" deyə soruşdu. Mən də cavab olaraq "pis iş görmürük" dedim. Sonra Fuad adlı şəxs, mənə "bura gəl" dedi. Mən isə cavabımda onu tanımadığımı deyərək onun çağırışı ilə yanına getmədim. Daha sonra Fuad adlı şəxs məni kənara çəkdi və aramızda mübahisə yarandı. Mübahisə vaxtı Fuad yumruq atdı, sonra isə Tural başı ilə məni vurdu. Turalın məni vurma səbəbini bilmirəm".
Zərərçəkmiş ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib.
Qusar Rayon Məhkəməsinin hökmü ilə Tural 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən təqsirləndirilən şəxs cəzaçəkmə müddəti ərzində yaşadığı Qusar rayonu, Hil kəndində yerləşən evini hər gün axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməsi, həmçinin bu müddətdə Qusar rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub.
Bundan əlavə onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Qeyd edək ki, Tural 2-ci Qarabağ müharibəsinin iştirakçısı olub. O, “Fizulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.


