Kriminal Özəl

Qardaş qardaşı polisə verdi — İçkiyə görə dava düşdü

Qardaş qardaşı polisə verdi — İçkiyə görə dava düşdü

Quba rayonunda iki qardaş arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Quba rayonu, Qırmızı qəsəbə, Nəsimi küçəsində baş verib.

1985-ci il təvəllüdlü Eldar yaşadıqları evin həyətində aralarında ailədaxili münasibətlər zəminində yaranmış mübahisə zamanı qardaşı Kamranı yumruqla baş və bədəninin müxtəlif nahiyələrinə vurub.

Faktla bağlı Eldarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Eldar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü, saat 12 radələrində qardaşı Kamran spirtli içkinin təsiri altında yaşadıqları evin həyətinə gəlib:

“Qardaşıma spirtli içki içməməsini dəfələrlə tövsiyə etdiyim üçün və qardaşımın sözlərinə əhəmiyyət vermədiyindən onunla mübahisə etdim.

Mübahisə zamanı əsəbləşərək qardaşımın üz nahiyəsindən yumruqla vurdum. Aramızda mübahisə və dava-dalaş yaşadığımız evin həyətində baş verdi və təxminən 5-10 dəqiqə davam etdi. Hadisə zamanı yanımızda kənar şəxslər olmayıb”.

İfadəsinin sonunda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirib.

Quba Rayon Məhkəməsinin hökmü ilə Eldar 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmə əsasən təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Quba rayonunun inzibati ərazi hüdudlarını tərk etməsi, hər gün yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etməsi qadağan olunub.

Bundan əlavə, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Fariz Məlikli

D
demokrat.az