Məşhur türkiyəli komediya aktyoru Cem Yılmazın keçirdiyi infarktdan sonra xəstəxanada çəkdirdiyi fotoşəkil sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Səbəb isə onun qulaq məməsində uzun illərdir nəzərə çarpan diaqonal xəttdir.
Demokrat.az xəbər verir ki, Yılmaz Çanaqqalenin Ayvacık rayonundakı bağ evində səhhətində problem yarandıqdan sonra xəstəxanaya çatdırılıb. Ona angioqrafiya aparılıb, təxminən 40 dəqiqə ərzində balon və stent tətbiq olunub. Aktyor daha sonra xəstəxana otağından foto paylaşaraq vəziyyətinin yaxşı olduğunu bildirib.
Fotoşəkildəki qulaq xətti isə sosial mediada “Frank əlaməti” kimi tanınan xüsusiyyətlə əlaqələndirilib. Bu, qulaq məməsində çarpaz şəkildə uzanan nəzərəçarpan xəttdir. Bəzi elmi araşdırmalarda həmin əlamətlə ürək-damar xəstəlikləri, xüsusilə koronar arteriya xəstəliyi arasında əlaqə olduğu bildirilib.
Lakin kardioloq Dosent Dr. Özge Özden Kayhan xəbərdarlıq edib ki, Frank əlamətini təkbaşına infarktın və ya ürək xəstəliyinin göstəricisi hesab etmək olmaz.
Onun sözlərinə görə, xüsusilə heç bir şikayəti olmayan gənc insanda qulaq məməsində belə xəttin olması avtomatik olaraq ciddi xəstəlik anlamına gəlmir. Bununla yanaşı, siqaret çəkmək, yüksək təzyiq, şəkərli diabet, yüksək xolesterin və ailədə erkən yaşda ürək xəstəliyinin olması kimi risk faktorları varsa, kardioloji müayinə faydalı ola bilər.
Mütəxəssis bildirir ki, belə hallarda ilk növbədə arterial təzyiq, xolesterin və qan şəkəri yoxlanıla, ehtiyac olduqda EKQ, stress testi və digər müayinələr aparıla bilər.
Həkim həmçinin Cem Yılmazın fotoşəkilindən çıxış edərək onun keçirdiyi infarktla qulağındakı xətt arasında birbaşa əlaqə yaratmağın tibbi baxımdan düzgün olmadığını vurğulayıb.
Alimlər isə Frank əlamətinin mümkün səbəblərindən birinin damarların yaşlanması və aterosklerozla əlaqəli dəyişikliklər ola biləcəyini düşünürlər. Başqa sözlə, qulaq məməsindəki xətt bəzən orqanizmdə damarlarla bağlı dəyişikliklərin xarici əlaməti ola bilər, lakin diaqnoz qoymaq üçün kifayət deyil.
Mütəxəssislər belə əlamətləri görən insanların panikaya düşmək əvəzinə, xüsusilə digər risk faktorları varsa, mütəmadi tibbi müayinələrdən keçmələrini tövsiyə edirlər.

Jalə Demokrat.az


