Siyasət Özəl

Qara dənizdə Türkiyə gəmilərinə hücumlar Ankara-Kiyev münasibətlərinə necə təsir edəcək? — Politoloq şərh edir

Qara dənizdə Türkiyə gəmilərinə hücumlar Ankara-Kiyev münasibətlərinə necə təsir edəcək? — Politoloq şərh edir

Qara dənizdə Türkiyəyə məxsus gəmilərə hücum edilməsi Ankara-Kiyev münasibətlərini yenidən gündəmə gətirib. Hadisədən sonra Ukraynanın Türkiyədəki səfirinin Xarici İşlər Nazirliyinə çağırılması tərəflər arasında diplomatik təmasların intensivləşməsinə səbəb olub.

Türkiyənin Rusiya-Ukrayna müharibəsi fonunda həm Kiyevlə, həm də Moskva ilə əlaqələrini qoruması və vasitəçilik səylərini davam etdirməsi baxımından hadisənin mümkün siyasi nəticələri maraq doğurur. Bəs Türkiyə gəmilərinin vurulması və Ukrayna səfirinin XİN-ə çağırılması Ankara-Kiyev münasibətlərinə necə təsir göstərə bilər? Bu hadisə Türkiyənin müharibədə vasitəçilik rolunu zəiflədə bilərmi?

Politoloq Oqtay Qasımov məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, son bir neçə ay ərzində Qara dənizdə Türkiyə gəmilərinə qarşı təhdidlərin artdığı müşahidə olunur.

Qara dənizdə Türkiyə gəmilərinə hücumlar Ankara-Kiyev münasibətlərinə necə təsir edəcək? — Politoloq şərh edir

Onun sözlərinə görə, artıq bir neçə dəfə Türkiyəyə məxsus gəmilər müxtəlif hücumlarla üzləşib:

"Məhz bununla bağlı Türkiyə tərəfi Ukraynanın Türkiyədəki səfirini Xarici İşlər Nazirliyinə dəvət edərək narazılığını və etirazını bildirib. Şübhəsiz ki, müharibənin davam etdiyi bir dönəmdə Qara dənizdə təhlükəsizliklə bağlı vəziyyət kifayət qədər həssasdır. Həm Rusiya, həm də Ukrayna tərəfindən həyata keçirilən hərbi əməliyyatlar dənizdə təhlükəsizlik risklərini artırır. Bu baxımdan Türkiyənin öz gəmilərinin və ümumilikdə Qara dənizdəki dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı narahatlığını başa düşmək mümkündür. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən etibarən tərəflər arasında dialoqun təmin olunması və mümkün qədər sülh danışıqlarının aparılması istiqamətində fəal diplomatik mövqe nümayiş etdirir. Türkiyə həm Rusiya, həm də Ukrayna ilə münasibətlərini qoruyub saxlayan və hər iki tərəflə birbaşa danışıqlar aparmaq imkanına malik olan nadir ölkələrdən biridir. Bu da Ankaranın vasitəçilik missiyasına xüsusi əhəmiyyət qazandırır. Təbii ki, belə bir vəziyyət Türkiyənin üzərinə əlavə məsuliyyət düşür. Ankara bir tərəfdən öz milli təhlükəsizliyini və Qara dənizdəki maraqlarını qorumağa, digər tərəfdən isə Rusiya və Ukrayna arasında balanslı mövqeyini saxlamağa çalışır. Bu baxımdan Türkiyənin atacağı addımların kifayət qədər ölçülü və diplomatik olması vacibdir. Əlbəttə, Türkiyə gəmilərinin hücumlara məruz qalması xoşagəlməz haldır və Ankara belə hadisələrə biganə qala bilməz", - deyə o, vurğulayıb.

Ekspart daha sonra əlavə etdi ki, bu kimi insidentlər Türkiyəni sülhməramlı missiyasından əl çəkdirə bilməz.

"Lakin düşünmürəm ki, bu cür insidentlər Türkiyənin vasitəçilik missiyasından geri çəkilməsinə səbəb olsun. Əksinə, Türkiyənin hər iki tərəflə dialoq imkanlarını qoruması belə gərginliklərin diplomatik yollarla həll edilməsi baxımından daha böyük əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, Türkiyə və Ukrayna arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir və Ankara həm Kiyev, həm də Moskva ilə müxtəlif səviyyələrdə siyasi və diplomatik təmaslarını davam etdirir, yaranmış problemlərin də danışıqlar yolu ilə həll edilməsi mümkündür. Türkiyənin hər iki tərəflə danışa bilməsi ona digər ölkələrdən fərqli olaraq xüsusi diplomatik imkanlar verir. Bu baxımdan düşünmürəm ki, Qara dənizdə baş verən bu hadisələr Türkiyənin vasitəçilik səylərinə uzunmüddətli və ciddi maneə yaratsın. Əksinə, bu cür insidentlər Türkiyənin Qara dənizdə təhlükəsizliyin təmin olunması və tərəflər arasında dialoqun davam etdirilməsi istiqamətində diplomatik fəaliyyətinin daha da əhəmiyyətli olmasına gətirib çıxara bilər. Əlbəttə, baş verənlər xoşagəlməz hadisədir. Lakin hesab edirəm ki, Türkiyə, Rusiya və Ukrayna arasında diplomatik kanallar mövcuddur və tərəflərin bu məsələləri emosional qarşıdurmaya çevirmədən müzakirə etmək imkanları var. Əsas məsələ insidentlərin daha böyük gərginliyə səbəb olmasının qarşısını almaq və Qara dənizdə dəniz nəqliyyatının təhlükəsizliyini təmin etməkdir", - deyə Oqtay Qasımov fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az