Arıqlamaq istəyənlərin ilk imtina etdiyi qidalardan biri də çörəkdir. Bir çox insan çörəyi rasiondan tamamilə çıxarmağın daha sürətli çəki itkisinə səbəb olduğuna inanır. Bəs həqiqətən də arıqlamaq üçün çörəkdən imtina etmək vacibdirmi? Çörəyin növü və qəbul edilən porsiya çəkiyə necə təsir edir? Ümumiyyətlə, çörəyi tamamilə rasiondan çıxarmaq orqanizm üçün faydalıdırmı?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən dietoloq Şəbnəm Nazarova bildirib ki, çörəyi tamamilə rasiondan çıxarmaq arıqlamağı sürətləndirmir.

Onun sözlərinə görə, arıqlamağın əsas qaydası gündəlik qəbul edilən enerjinin sərf olunan enerjidən bir qədər az olmasıdır:
“Əgər çörək rasiondan çıxarıldıqda insanın ümumi kalori qəbulu azalırsa, çəki itkisi sürətlənə bilər. Amma eyni kalorilər başqa qidalardan kompensasiya edilirsə, heç bir üstünlük qalmır.
Çörəyin növü və hazırlanma qaydası önəmlidir. Tam taxıllı, liflə zəngin çörək və ya daha uzun müddət fermentasiya olunmuş çörəklər uzunmüddətli toxluq, bağırsaq fəaliyyəti və qida keyfiyyəti baxımından olduqca faydalıdır.
Çörək qəbulunda etdiyimiz ən böyük yanlışlardan biri porsiyanın böyük olması və balanssız qidalanmadır. Ancaq 2 dilim tam taxıllı çörəyi zülal, tərəvəz və sağlam yağ mənbəyi ilə birlikdə yemək tamamilə balanslı və sağlam rasionun bir hissəsi ola bilər. Əgər çörəkdən tamamilə imtina ediriksə, çörək əvəzinə kartof, düyü, yulaf, paxlalılar və digər kompleks karbohidratlar rasiona doğru şəkildə daxil edilməlidir. Bu səbəbdən çörək hər kəs üçün vacib olan qida deyil, amma çörəkdən alınan karbohidrat, enerji, lif, B qrup vitaminləri və bəzi minerallar qidalanmanın başqa hissələrindən mütləq qarşılanmalıdır.
İlk günlərdə tərəzidə çəkidə sürətli azalma isə qismən qlikogen və ona bağlı su itkisi ilə əlaqəli ola bilər. Bu, yağ itkisi ilə deyil.
Yəni “arıqlamaq üçün çörəyi kəs” yanaşması çox sadələşdirilmişdir. Daha doğru yanaşma çörəyin növünə, porsiyasına, ümumi rasiona və insanın enerji ehtiyacına baxmaqdır”, - deyə dietoloq fikrini tamamlayıb.


