İqtisadiyyat Özəl

Xaricdən sifarişlər artır: Yerli sahibkarlar niyə narahatdır? — Ekspert açıqladı

Xaricdən sifarişlər artır: Yerli sahibkarlar niyə narahatdır? — Ekspert açıqladı

Azərbaycanda xarici onlayn platformalardan alış-verişə maraq artır. Daha sərfəli qiymətlər, geniş məhsul seçimi və evdən rahat sifariş imkanları, ünvana çatdırılma istehlakçıları xaricdən alış-verişə yönəldən əsas amillər sırasında göstərilir.

Bəs Azərbaycanlıların xaricdən sifarişləri yerli iqtisadiyyata nə qədər təsir edir? Xarici platformalardan edilən kiçik həcmli alışların artması yerli pərakəndə ticarət üçün risk yaradırmı?

Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Xalid Kərimli deyib ki, onlayn ticarət platformaları vətəndaşlar üçün əlavə imkan yaradır və onlayn ödənişləri stimullaşdırır.

Xaricdən sifarişlər artır: Yerli sahibkarlar niyə narahatdır? — Ekspert açıqladı

Onun sözlərinə görə, onlayn ticarətin ənənəvi ticarətlə müqayisədə bir çox üstünlükləri var:

“Bu, vətəndaşa komfort verir, vətəndaşa seçim, müqayisə aparmaq, rahat seçmək, elektron ödəniş vasitələrindən istifadə etməklə xidmət almaq imkanı verir.

Amma bir sıra üstünlüklər var ki, bu, onlayn ticarətdə ənənəvi ticarətə problem yaradır. Bu, xüsusən də vergi məsələsidir. Vergi məsələsində, bildiyiniz kimi, hökumət vətəndaşa humanist yanaşaraq aylıq 300 dollarlıq şəxsi istehlak üçün etdiyi idxalı bütün vergi və rüsumlardan azad edir.

Təbii ki, bax, bu məsələdə kanallardan birinin digərinə nisbətən vergi üstünlüyünün olması ənənəvi ticarətə problem yaradır. Onlayn ticarətin özünəməxsus üstünlükləri, qeyd etdiyim kimi, vətəndaşa komfort verməsi, bir sıra xərclərin olmaması, stabil, belə deyək, icarə xərclərinin, ofis idarəetmə xərclərinin, kommunal xərclərin olmaması onlayn ticarətin özünəməxsus üstünlüyüdür.

Lakin dövlətin ona bəxş etdiyi vergi üstünlüyü bir qədər kanallar arasında rəqabəti pozur. Çünki ənənəvi ticarətlə məşğul olan şəxsin də son məqsədi aldığı malı son istehlakçıya satmaqdır. Son istehlakçı vergi güzəştlərindən istifadə edərək onun müştərisi olmur. Nəticə etibarilə də mikro və kiçik sahibkarlar, tacirlər bu prosesdən ciddi əziyyət çəkirlər”.

İqtisadçı əlavə edib ki, ümumi şəkildə bu cür onlayn ticarətin olması rəqabəti intensivləşdirir, alternativ kanal kimi ciddi rəqabət kanalı formalaşdırır ki, bu rəqabətin olması həm istehlakçıların marağına uyğundur, həm də vətəndaşların marağına uyğundur:

“Vətəndaş seçim edə bilir, vətəndaş üçün seçim azadlığı formalaşır və bunun özü-özlüyündə “Temu” və “Trendyol” kimi bu cür platformaların özü-özlüyündə vətəndaşın xərclərinə qənaət etməsinə və özlərinin tələbatına uyğun məhsulların gətirilməsinə səbəb olur ki, bu məsələ həm dövlətin, həm vətəndaşın marağına uyğundur.

Amma kanallar arasındakı vergi fərqinin mövcud olması ənənəvi ticarət üçün bir qədər problem yaradır və eyni zamanda yerli kiçik istehsalçılar üçün də baş bəlasına çevrilir. Çünki yerli kiçik istehsalçılar öz istehsalını təşkil etmək üçün idxal edirlər və onlar idxal zamanı ƏDV və rüsum ödəyicisinə çevrilirlər. Amma vətəndaş şəxsi istehlak üçün 300 dollarlıq aylıq məhsul gətirəndə bu prosesdən azad olur.

Ümumi şəkildə isə onlayn ticarətin mövcudluğu, vergi güzəştləri olmadan mövcud olması ölkə iqtisadiyyatı üçün müsbət təsir göstərir. Ölkə vətəndaşı üçün, ölkə vətəndaşının rifahı, özünün tələbatını ödəməsi üçün müsbət xarakterlidir. Bu, təbii ki, ənənəvi ticarətə müəyyən problemlər yaratsa da, rəqabətin genişliyi, müxtəlif kanallar arasında rəqabət aparılması ümumi dövlətin və vətəndaşın xeyrinə olan məsələdir”, - deyə Xalid Kərimli fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az