ABŞ-ın Purdue Universitetinin mühəndisləri müəyyən ediblər ki, ətirli təmizlik vasitələri otaqdakı ozonla reaksiyaya girərək milyardlarla zəhərli nanohissəciyin yaranmasına səbəb ola bilər.
Demokrat.az xəbər verir ki, tədqiqatın nəticələri Amerika Kimya Cəmiyyətinin Çikaqoda keçirilən illik payız toplantısında təqdim olunub.
Gellərin və spreylərin tərkibində vasitələrə limon, şam və ya lavanda qoxusu verən terpenlər adlı birləşmələr olur. Bu maddələr buxarlandıqda otaqda olan ozonla qarışır. Ozon isə işləyən ultrabənövşəyi bakterisid lampalar səbəbindən qapalı məkanlarda yarana bilər.
Kimyəvi reaksiya nəticəsində ölçüsü 1-30 nanometr arasında olan hissəciklər sürətlə əmələ gəlir. Bu cür hissəciklər “ultrazərif hissəciklər” adlanır və ənənəvi olaraq sənaye müəssisələrinin fəaliyyəti və ya yanacağın yanması nəticəsində yaranır.
Tədqiqatçılar müəyyən ediblər ki, döşəmələrin yuyulması və ya masaların silinməsi zamanı havadakı çirklənmə səviyyəsi iynəyarpaqlı meşə ilə müqayisədə 100 dəfə yüksək ola bilər. Beləliklə, ilk baxışdan təmiz görünən otaq təhlükəli nanohissəciklərin konsentrasiyasına görə sıx avtomobil hərəkəti olan magistralı xatırlada bilər.
“Yığışdırmaq səthlərdən virus və bakteriyaları təmizləyir, lakin eyni zamanda havada görünməz çirklənmə yaradır. Siz tüstü və ya tozu görmürsünüz, lakin bu hissəciklər əmələ gəlir və tənəffüs yollarının dərinliyinə nüfuz edir”, deyə tədqiqatın müəllifi Brendon Bur vurğulayıb.
Əsas təhlükə ondan ibarətdir ki, standart məişət hava keyfiyyəti sensorları bu qədər mikroskopik ölçüdə olan hissəcikləri aşkar edə bilmir.
Nanohissəciklər ağciyərlərə daxil olduqda qıcıqlanmaya səbəb ola və birbaşa qan dövranına keçə bilər. Mütəxəssislərin fikrincə, bu proses cəmi bir neçə dəqiqə ərzində baş verə bilər.
Problem COVID-19 pandemiyasından sonra daha da aktuallaşıb. Həmin dövrdə mənzillərdə, məktəblərdə və tibb müəssisələrində ultrabənövşəyi resirkulyatorların geniş istifadəsi qapalı məkanlarda ozonun əmələ gəlməsinə şərait yaradıb.
Mütəxəssislər orqanizmə mümkün zərərin qarşısını almaq üçün güclü qoxulu kimyəvi vasitələrdən imtina edərək neytral qoxulu məhsullara üstünlük verməyi tövsiyə edirlər. Həmçinin nəm təmizlik zamanı mütləq havalandırma sistemini işə salmaq və ya pəncərələri açmaq məsləhət görülür.
Jalə Demokrat.az


