Sosial Özəl

Bu il subbakalavrlar niyə az oldu? — Səbəb

Bu il subbakalavrlar niyə az oldu? — Səbəb

Bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayında nəzərəçarpacaq azalma qeydə alınıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2026-cı ildə ali məktəblərə 4 215 subbakalavr qəbul olunub ki, bu da ötən illə müqayisədə 2 246 nəfər azdır. Eyni zamanda, ümumi qəbul olunanların sayı artsa da, subbakalavrlar üzrə göstəricinin azalması diqqət çəkir.

Bəs subbakalavrların ali məktəblərə qəbulunda 2 246 nəfərlik azalmanın əsas səbəbi nədir?

Təhsil eksperti Əmrah Həsənli Demokrat.az-a açıqlamasında söyləyib ki, subbakalavrların ali təhsil müəssisələrinə qəbulunda bu il müşahidə olunan azalmanı yalnız ali təhsilə marağın zəifləməsi ilə izah etmək düzgün olmaz.

Onun sözlərinə görə, bu il ali təhsil üzrə plan yerlərinin 97 faizi dolub:

“Burada bir neçə amil eyni anda rol oynayır. Subbakalavrların ixtisas seçimi imkanları abituriyentlərlə müqayisədə daha məhduddur. Onlar yalnız orta ixtisas və ya peşə təhsili zamanı əldə etdikləri ixtisasa və tədris dilinə uyğun olan ali təhsil ixtisaslarını seçə bilərlər. Bu da, təbii ki, onların seçim dairəsini müəyyən qədər daraldır.

Digər mühüm məsələ isə rəqabətdir. Xüsusilə III ixtisas qrupunda bu il subbakalavrların qəbul ola bilməməsi göstərir ki, müəyyən istiqamətlərdə plan yerlərinə nisbətdə müsabiqə iştirakçılarının sayı kifayət qədər yüksəkdir. Yəni burada söhbət təkcə marağın azalmasından deyil, həm də konkret ixtisaslar üzrə rəqabətin yüksək olmasından gedir.

Hesab edirəm ki, subbakalavrların ali təhsilə keçid mexanizmi peşə və orta ixtisas təhsilinin cəlbediciliyinin artırılması baxımından çox vacibdir. Ona görə də bu il 2 246 nəfərlik azalmanı avtomatik olaraq ali təhsilə marağın azalması kimi qiymətləndirmək doğru olmaz. Daha obyektiv nəticə üçün neçə subbakalavrın müsabiqədə iştirak etdiyinə, hansı ixtisasları seçdiyinə, neçə plan yerinin onlar üçün real əlçatan olduğuna və hansı istiqamətlərdə rəqabətin formalaşdığına baxmaq lazımdır.

Əsas hədəfimiz subbakalavrların orta ixtisas təhsilindən ali təhsilə keçid yolunu daha proqnozlaşdırılan və şəffaf etmək olmalıdır. Çünki peşə və orta ixtisas təhsilinin gücləndirilməsindən danışırıqsa, həmin məzunların növbəti mərhələdə ali təhsilə keçid imkanlarının da real və əlçatan olması olduqca vacibdir”, - deyə təhsil eksperti fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az