Siyasət Özəl

Ballıqaya faciəsindən 34 il keçir — Qadın, uşaq və yaşlılar...

Ballıqaya faciəsindən 34 il keçir — Qadın, uşaq və yaşlılar...

Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı mülki şəxslərə qarşı törədilmiş Ballıqaya qətliamından 34 il ötür.

Demokrat.az xəbər verir ki, faciə 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndi ərazisində baş verib.

Həmin gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin 10-12 nəfərdən ibarət diversiya qrupu əraziyə daxil olaraq burada yaşayan mülki şəxslərə silahlı hücum edib.

Hücum zamanı əsasən Laçın rayonundan olan və doğma yurdlarını tərk edərək Ballıqayada məskunlaşan azərbaycanlılar hədəfə alınıb. Nəticədə 24 nəfər öldürülüb, 9 mülki şəxs isə ağır yaralanıb.

Qətlə yetirilənlər arasında qadınlar, uşaqlar və yaşlı insanlar da olub. Faciənin ən dəhşətli məqamlarından biri isə bəzi qurbanların meyitlərinin yandırılması ilə bağlı məlumatlardır.

6 aylıq körpə də öldürülüb

Ballıqaya qətliamının qurbanları arasında müxtəlif yaşlarda uşaqlar olub. Onların ən kiçiyi cəmi 6 aylıq Canpolad Hümbətov olub.

Faciə nəticəsində üç azyaşlı uşaq hər iki valideynini itirib. Hadisə zamanı 4, 6, 8, 10 və 12 yaşlı uşaqlar da həyatını itirib.

Qətliamda öldürülənlər arasında 93 yaşlı Zeynəb Vəliyeva da olub.

Məlumatlara görə, 24 qurbanın sırasında 6 uşaq və çox sayda qadın və yaşlı şəxs yer alıb.

Ballıqayada kimlər yaşayırdı?

1992-ci ilin yayında Laçın rayonunun işğalından sonra bölgənin dinc sakinləri doğma evlərini tərk etmək məcburiyyətində qalmışdılar. Minlərlə insan Azərbaycanın müxtəlif ərazilərinə köçərək müvəqqəti sığınacaq tapmışdı.

Bir-biri ilə qohum olan bir neçə ailə isə heyvandarlıq üçün əlverişli ərazi olduğundan Ballıqayada məskunlaşmışdı. Laçından gələn ailələrin bir qismi burada çadırlarda yaşayır, təsərrüfatlarını davam etdirməyə çalışırdı.

Lakin onların dinc həyatı uzun çəkməyib. 1992-ci il avqustun 28-də silahlı dəstənin hücumu nəticəsində Ballıqaya qanlı faciənin məkanına çevrilib.

Faciə yaddaşlardan silinmir

Ballıqaya qətliamı Birinci Qarabağ müharibəsi illərində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş qanlı hadisələrdən biri kimi tarixə düşüb.

Aradan 34 il keçməsinə baxmayaraq, faciənin qurbanlarının xatirəsi Azərbaycan cəmiyyətində yaşadılır. Ballıqaya hadisəsi həmin dövrdə dinc əhalinin üzləşdiyi ağır itkilərin və müharibənin yaratdığı humanitar faciələrin nümunələrindən biri kimi xatırlanır.

Ballıqaya faciəsindən 34 il keçir — Qadın, uşaq və yaşlılar...

Ballıqaya faciəsindən 34 il keçir — Qadın, uşaq və yaşlılar...

Ballıqaya faciəsindən 34 il keçir — Qadın, uşaq və yaşlılar...

Jalə Demokrat.az

D
demokrat.az