Siyasət Özəl

Ermənistanın bu addımı Rusiya ilə gərginliyi artıra bilər — Açıqlama

Ermənistanın bu addımı Rusiya ilə gərginliyi artıra bilər — Açıqlama

Ermənistanın Ukrayna üçün pilotsuz uçuş aparatları (PUA) və ballistik silahların istehsalına cəlb oluna biləcəyi iddia edilir.Məlumata görə, söhbət əsasən Ermənistanda mövcud istehsal güclərindən istifadə etməklə Ukrayna ilə birgə PUA və ballistik silahların, daha çox isə onların yığılmasının təşkilindən gedir. İddialara əsasən, istehsal prosesinə Ukrayna tərəfinin operativ nəzarət etməsi nəzərdə tutulur.

Rusiya belə əməkdaşlığa necə reaksiya verə bilər və Moskvanın Ermənistana qarşı siyasi, iqtisadi və ya hərbi xarakterli addımlar atması ehtimalı nə qədərdir?

Demokrat.az-a bu barədə açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Ermənistanın Ukrayna ilə birgə PUA və ballistik silah istehsalına cəlb olunması barədə iddia hazırda hələ ki rəsmi şəkildə təsdiq olunmayıb:

“Odur ki, bu məsələni mümkün əməkdaşlıq ssenarisi kimi qiymətləndirmək daha düzgün olar. Prinsipcə, belə bir ehtimal ümumən məntiqsiz deyil. Çünki Ukrayna artıq müxtəlif ölkələrlə müdafiə sənayesi üzrə birgə istehsal imkanlarını genişləndirir və xüsusən də Avropa ilə PUA, antidron və gələcəkdə antiballistik sistemlərin istehsalı üzrə əməkdaşlıq planları mövcuddur.

Lakin burada ballistik silah istehsalı məsələsinə xüsusilə ehtiyatla yanaşmaq lazımdır. Ballistik raketlərin hazırlanması və istehsalı PUA yığımından texnoloji baxımdan tamamilə fərqli səviyyədir və ciddi sənaye, mühəndislik, sınaq və logistika infrastrukturu tələb edir. Buna görə yaxın perspektivdə Ermənistanda Ukrayna üçün genişmiqyaslı ballistik raket istehsalının təşkili real görünmür. PUA-ların yığılması, komponentlərin istehsalı və ya texniki xidmət mərkəzlərinin yaradılması isə prinsipcə mümkündür”.

Politoloq qeyd edib ki, burada əsas məsələ Ermənistanın xarici siyasətində və müdafiə sektorunda Rusiyadan uzaqlaşma prosesinin sürətlənməsidir:

“İrəvan son illərdə Qərb və digər tərəfdaşlarla müdafiə əməkdaşlığını genişləndirir. Eyni zamanda Moskva Ermənistanın nəqliyyat və təhlükəsizlik sahələrində Rusiya təsirini azaltmaq cəhdlərinə artıq açıq şəkildə etiraz edir. Məsələn, Rusiya Xarici İşlər Nazirliyi avqustun 26-da Ermənistanı Cənubi Qafqaz Dəmir Yolu konsessiyası məsələsində Qərbin təzyiqinə məruz qalmaqda ittiham edib.

Əgər Ukrayna ilə belə bir hərbi-texniki layihənin yaradılması həqiqətən təsdiqlənsə, Moskvanın reaksiyası kifayət qədər sərt ola bilər. Xüsusən də siyasi və iqtisadi təzyiq daha real görünür. Rusiya ikitərəfli münasibətlərdə mövcud olan diplomatik təzyiqi daha da artıra, enerji, ticarət, nəqliyyat və əmək miqrasiyası kimi sahələrdə təsir imkanlarından istifadə edə bilər. Hərbi müdaxilə isə daha mürəkkəb məsələdir və indiki şərtlər daxilində Rusiyanın ikinci cəbhə açmaq ehtimalı böyük deyil. Çünki Rusiya da bilir ki, belə bir addım Rusiyanın Cənubi Qafqazdakı onsuz da zəifləmiş mövqeyini daha da çətin vəziyyətə sala bilər”.

Fidan Hacızadə

D
demokrat.az